Lev Tolstoy. İki qardaş və qızıl
Qüds ətrafında iki qardaş vardı. Böyük qardaşın adı Afanasi, kiçiyinki isə Yoan idi. Şəhərin yaxınlığında yerləşən dağın ətəyində yaşayır, onun-bunun verdiyi ilə dolanardılar. Düzünə qalsa, bu iki qardaş səhərdən axşamacan dayanmadan işləyər, əlləşib-vuruşardı, fəqət özlərindən çox özləri kimi fəqir-füqəranın işlərini görərdilər. Harada çətinliyə düşən insanlar: xəstələr, kimsəsizlər, dullar varsa, oraya gedib onların işlərini aşırar, axırda da heç bir məvacib götürmədən evlərinə qayıdardılar.
Şənbə gününün axşamını çıxmaq şərti ilə, həftənin altı gününü bir-birindən ayrı keçirərdilər. Bir də bazar günləri birlikdə olub dua edər, söhbətləşər, həftəiçi başlarına gələnləri bir-birinə danışardılar. Mələk də həmin gün onların evinə gələr, qardaşlar üçün Allahdan xeyir diləyərdi. Bazar ertəsi olan kimi də hərə öz işinin dalınca gedərdi. Xülasə, illər beləcə ötüb-keçərdi.
Yenə bir bazar günü hərə öz işinə yollanarkən Afanasi əziz qardaşından ayrıldığı üçün birdən dayanıb Yoanın arxasınca baxdı. Qardaşı Yoan başını aşağı əyib geriyə baxmadan irəliləyirdi. Ancaq qəfil nəsə oldu, Yoan birdən dayanıb, qeyri-adi bir şey görübmüş kimi əlini alnına apardı, bir yerə gözünü zilləyib baxmağa başladı. Sonra gördüyü nə idisə, ona yaxınlaşdı və qəfil yerindən götürülüb ayağının altına baxmadan qaçdı. Sanki nəsə onu qovurdu.
Afanasi buna çox təəccübləndi. Görəsən, qardaşını bu qədər qorxudan nə idi? Bunu öyrənmək üçün cəld ona tərəf gəldi. Ora çatanda nə görsə, yaxşıdır? Yerdə bir şey par-par parlayırdı. Daha da yaxınlaşdı, otların arasında bir yığın qızıl gördü.
Afanasi qızıllara deyil, qardaşının arxaya baxmadan qaçmasına daha çox təəccüb etdi. “Görəsən, nə üçün qorxub qaçdı?” — deyə öz-özündən soruşdu. Sonra: “Qızılda nə günah var ki? Günah insanlara xasdır. Qızılla yaxşılıq da etmək olar, pislik də. Bir gör bu qızıllarla neçə acın, yetimin, dulun qarnını doyurmaq, neçə çılpağı geyindirmək, neçə xəstə və şikəsti müalicə etmək olar… Doğrudur, biz insanlara əlimizdən gəldiyi qədər kömək edirik, amma bu, kiçik bir xidmətdir. Bu qızıllarla isə daha çox insana köməyimiz dəyər”, — deyə düşündü və fikrini qardaşına demək istədi, ancaq qardaşı onu eşitməyəcək qədər uzaqda idi. Keçi kimi sürətlə dağa dırmaşırdı.
Afanasi jiletini çıxarıb arasına apara biləcəyi qədər qızıl doldurdu. Çiyninə atıb şəhərə gətirdi. Şəhərdə bir karvansaraya girib qızılları karvanbaşına verdi. Sonra qalan qızılları da götürmək üçün yenidən dağın kəndarına qayıtdı. Bütün qızılları daşıyıb gətirəndən sonra tacirlərin yanına gəlib şəhərdə boş sahələr aldı. Daş və kərpic alıb fəhlələr tutdu. Üç bina tikdirməyə başladı. Üç ay ərzində binalar hazır oldu. Bunlardan birini kimsəsizlər və dullar üçün, ikincisini xəstələr və şikəstlər üçün, üçüncüsünü isə qəriblər və fəqirlər üçün tikdirmişdi.
Üç namuslu və dünyagörmüş qoca tapıb hərəsini bir binanın başına nəzarətçi qoydu. Bütün bu işlər qurtarandan sonra Afanasinin əlində hələ üç min qızıl qalmışdı. Bu qızılları isə fəqirlərə bərabər paylamaq üçün qocaların ixtiyarına verdi.
Bu üç bina qısa bir zamanda insanlarla dolub-daşmağa başladı. Çox insan xeyirxah əməllərinə görə Afanasini mədh edirdi. Afanasi isə bu təriflər qarşısında elə sevinirdi ki, heç şəhərdən ayrılmaq istəmirdi. Ancaq qardaşı Yoanı çox sevdiyi və darıxdığı üçün özü ilə bircə qəpik də götürmədən insanlarla vidalaşdı, əvvəlki — köhnə libasını geyinib evinə yola düşdü.
Evinin yerləşdiyi dağa yaxınlaşdıqca belə düşünürdü: “Qardaşım qızılları götürməyib, qoyub qaçmaqla heç yaxşı iş görmədi. Mən daha düz etmədimmi?”
Afanasi bunları düşünərkən vaxtilə ona və qardaşına dua edən mələk qabağını kəsdi. Mələk Afanasinin qarşısına keçib sərt baxışlarla onu süzməyə başladı. Afanasi mələyi görüncə yerində donub qaldı. Yalnız: “Nə üçün, Allahım?” — deyə bildi.
Mələk ona acıqla dedi:
— Çəkil qabağımdan. Sən qardaşınla yaşamağa layiq deyilsən. Qardaşının qızılları götürmədən qaçmağı sənin gördüyün işlərdən daha dəyərlidir.
Afanasi nə qədər fəqir-füqəraya kömək etdiyini, neçə kimsəsizin üzünü güldürdüyünü, tanıdığı bütün acların qarnını doyurduğunu danışmağa başlamışdı ki, mələk onun sözünü kəsdi:
— Sənə bu sözləri yolundan dönmək üçün qabağına qızıl tökən şeytan öyrədib, — dedi.
Yalnız o vaxt Afanasi vicdanının və qəlbinin səsinə qulaq verdi və gördüyü işlərin heç birini Allah üçün etmədiyinin fərqinə vardı. O, Allah yolunda deyil, öz adı uğrunda xeyirxahlıq etmişdi. Qəhər onu boğdu, hönkürtü ilə ağlamağa başladı. Çox peşman idi…
Mələk sevdiyi bəndənin peşman olduğunu görüb yoldan çəkildi. Qardaşı Yoanın yanına getmək üçün Afanasiyə icazə verdi.
O gündən sonra Afanasi şeytanın hiylələrinə inanmadı. Allaha da, insanlara da qızılla deyil, yalnız alın təri ilə xidmət etməyin gərək olduğunu başa düşdü və qardaşlar əvvəlkitək könül xoşluğu ilə həyatlarına davam etdilər.
25.08.2026