Təbiət

Heyvan toxumaları

Bir çox orqanizmlər xaricdən dəri örtüklə örtülmüşdür. Fildə dəri örtüyünün qalınlığı 1,8 sm-ə, Nil begemotunda isə 2,5 sm-ə çatır.

 

Heyvanlarda da oxşar hüceyrələr və hüceyrəarası maddələr qrupu toxumalar əmələ gətirir.

 

Heyvan toxumaları. Epiteli, birləşdirici, əzələ, sinir kimi 4 toxuma qrupuna ayrılır.

 

Epiteli toxuması. Epiteli toxuması bir-birinə sıx söykənmiş bir və ya bir neçə qatdan ibarət hüceyrələrdən təşkil olunur. Onlarda hüceyrəarası maddələr az olur. Heyvanlarda bu toxumaya dərinin üst qatında, epiteli mənşəli dəri törəmələrində (buynuz, dırnaq və s.), vəzilərdə və tənəffüs yollarında rast gəlinir.

 

Birləşdirici toxuma. Heyvan orqanlarının əsas hissəsini təşkil edir. Birləşdirici toxuma orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qan və piy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur.

 

 

Әzələ toxuması. Heyvanlarda hərəkət, qanın damarlarda axması, qidanın həzm borusu ilə irəliləməsi baş verir. Buna səbəb əzələlərin yığılmasıdır. Əzələ toxumasının saya, eninəzolaqlı skelet və eninəzolaqlı ürək əzələsi növləri var.

 

Sinir toxuması. Sinir toxumasının əsas xüsusiyyəti oyanma - qıcıqların qəbulu və ötürülməsidir. Bu toxuma heyvanların sinir sistemini əmələ gətirir. Sinir tənziminə görə orqan və sistemlər tam vahid sistem şəklində fəaliyyət göstərir.