Xəbərlər

Uşaqları peyvənd etdirmək niyə vacibdir?

Uşaqların peyvənd edilməsi sadəcə fərdi sağlamlığın qorunması deyil, həm də gələcək nəsillərin təhlükəsizliyi üçün atılan ən mühüm addımdır. Müasir tibb sayəsində biz artıq tarixdə milyonlarla uşağın ölümünə və ya şikəst qalmasına səbəb olan xəstəliklərdən qorunma gücünə malikik. Məsələn, vaxtilə qorxulu yuxuya çevrilən uşaq iflici (poliomielit) peyvəndləmə sayəsində demək olar ki, dünyadan silinmək üzrədir.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemioloji şöbəsinin İmmunoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva səsləndirib.

 

O qeyd edib ki, uşaqların immun sistemi böyüklərə nisbətən daha zəif və həssas olur. Peyvəndlər isə orqanizmə xəstəlik törədicisini tanıdır və ona qarşı müdafiə hazırlayır. Beləliklə, uşaq real virus və ya bakteriya ilə qarşılaşdıqda orqanizm artıq mübarizəyə hazır olur: “Cəmiyyətdə uşaqların böyük əksəriyyəti peyvənd olunduqda, xəstəliyin yayılma zənciri qırılır. Bu, peyvənd edilməsi tibbi cəhətdən mümkün olmayan (məsələn, ağır allergiyası və ya immun çatışmazlığı olan) digər uşaqları da dolayı yolla qoruyur. Peyvəndlə idarəolunan xəstəliklər yalnız keçici narahatlıq yaratmır, həm də qalıcı zədələr buraxa bilər. Belə ki, qızılca beyin iltihabına və korluğa, məxmərək doğuş qüsurlarına, epidemik parotit karlığa səbəb ola bilər. Biz bu gün uşaqları peyvənd etməklə xəstəliklərin kökünü kəsirik. Əgər bir xəstəlik tamamilə yox edilərsə, gələcəkdə həmin xəstəliyə qarşı peyvənd olunmağa belə ehtiyac qalmayacaq”.

 

Gülafət Azadəliyeva Azərbaycanda uşaqların profilaktik peyvənd təqviminin Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş dövlət proqramına əsasən tənzimlədiyini xatırladıb. O vurğulayıb ki, bu təqvim uşaqların ən riskli dövrlərində spesifik infeksiyalara qarşı immunitet qazanmasını təmin edir. Dövlət tibb müəssisələrində sözügedən peyvəndlər ödənişsiz həyata keçirilir.