F.Köçərli adına Respublika Uşaq Kitabxanası Özbəkistana kitab kolleksiyası hədiyyə edib
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına uşaq ədəbiyyatından ibarət zəngin kitab kolleksiyasını təmənnasız olaraq hədiyyə edib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Kitabların təqdimatı ilə bağlı keçirilən tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Özbəkistan Milli Kitabxanasının direktor müavini Nəsibə Xaldarova və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, təqdim olunan nəşrlər Azərbaycan uşaq ədəbiyyatının müxtəlif nümunələrini əhatə etməklə yanaşı, gənc oxucuların dünyagörüşünün genişlənməsinə və mütaliə vərdişlərinin inkişafına mühüm töhfə verəcək.
Bildirilib ki, kitab kolleksiyasının Özbəkistan Milli Kitabxanasına təqdim olunması iki ölkə arasında mədəni-humanitar əməkdaşlığın daha da genişlənməsinə xidmət edir və Azərbaycan ədəbiyyatının Özbəkistanda tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində kitabxanalar arasında əməkdaşlığın genişləndirilməsi, kitab mübadiləsinin davam etdirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri də müzakirə olunub.
Qeyd olunub ki, bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında ədəbi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.
16.04.2026