AZƏRTAC-ın Uşaq Bilik Portalı və Özbəkistanın “Tonq Yulduzi” qəzetinin birgə keçirdiyi rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
AZƏRTAC-ın Uşaq Bilik Portalı ilə Özbəkistanın “Tonq Yulduzi” uşaq və gənclər qəzetinin təşkilatçılığı ilə keçirilən “Milli adət-ənənələr və bayramlar” mövzusunda rəsm yarışması yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 17-dən martın 15-dək keçirilən müsabiqənin məqsədi şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək, iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini möhkəmləndirmək, milli adət-ənənələri geniş təbliğ etmək, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, həmçinin istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.
8-11, 12-15 yaşlı uşaqlar arasında keçirilən müsabiqəyə Azərbaycandan 87 iştirakçı müraciət edib, 100-dən çox rəsm işi təqdim olunub. Müraciət martın 15-də yekunlaşıb və seçim mərhələsi başlayıb. Təqdim edilən rəsm işləri müvafiq meyarlar üzrə qiymətləndirilərək qaliblər müəyyənləşib.
Azərbaycan üzrə 8-11 yaş kateqoriyasında I yerin qalibi Kövsər Qurban, II yerin qalibi Əli Bənnayev, III yerin qalibi isə Abdurrahman Səlimli olub.
12-15 yaş kateqoriyasında I yerə Mikayıl Həbibullahlı, II yerə Fərəh Əkbərzadə, III yerə isə Türkan Abbaszadə seçilib.
Özbəkistan üzrə 8-11 yaş kateqoriyasında I yerin qalibi Ruşana Şirinova, II yerin qalibi Ruşana Davletşina, III yerin qalibi isə Nafisaxon Mirzohidova olub.
12-15 yaş kateqoriyasında isə I yerə Arsen Puzerenko, II yerə Maryamxon Yakubova, III yerə David Burıy seçilib.
23.03.2026