Xəbərlər

“Xocalı: uşaqların gözü ilə”: Qəbələdə məktəblilərin əl işləri nümayiş olunub

Qəbələ rayon Heydər Əliyev Mərkəzində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Qəbələ rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana Sisteminin şəhər 2 saylı kitabxana filialı və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, anım tədbiri Dövlət Himninin səsləndirilməsi və Xocalı faciəsi qurbanlarının, eləcə də Vətənin azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Çıxışlarda bu faciənin Azərbaycan tarixinin ən ağır və kədərli səhifələrindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, Xocalı faciəsi qurbanlarının xatirəsini yad etməklə yanaşı, tarixi həqiqətlər gənc nəslə aşılanmalı və dünya ictimaiyyətinə çatdırılmalıdır.

 

Tədbir çərçivəsində “Xocalı: uşaqların gözü ilə” adlı sərgi təşkil olunub. Sərgidə şagirdlərin hazırladıqları rəsm və əl işləri nümayiş etdirilib. Təqdim olunan əsərlərdə Xocalı soyqırımı qurbanlarının ağrısı və sülhə çağırış motivləri öz əksini tapıb.

 

Bədii hissədə şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, mövzu ilə əlaqədar videoçarx təqdim edilib.