Nağıllar, hekayələr

Axmaq ayı (İran xalq nağılı)

Günlərin birində Ayı yuxuda gördü ki, üç tikə piy tapıb. Səhər yuxudan ayılanda yuxusu çin çıxar deyə həmin piy tikələrinin axtarışına başladı.


Ayı uzaqdan çəpişi görüb ona tərəf gedir. Ayının yaxınlaşdığını görən çəpiş qaçmağa macal tapmadığından yaxınlaşıb ona təzim edir.
- Sən məni tanıyırsan? Ayı soruşdu.
- Əlbəttə, çəpiş cavab verdi.- Hamı hörmətli Ağanı tanıyır. Mən sənin atanın şəxsi müğənnisi olmuşam.
- Onda mənə nəğmə oxu deyə ayı xahiş edir.


Çəpiş ucadan oxumağa başladı, onun səsini çoban eşitdi. Çoban qoyun itləri ilə özünü tez yetirib əlindəki çomaqla ayını döydü, itlər isə onu dişlədilər ayı zorla onların əlindən qurtulub qaça bildi.


Xeyli gedəndən sonra Ayının qarşısına iki qoyun çıxdı. “ Bunları yeyim”, deyə düşündü.


O, qoyunları yanına çağırdı, qoyunlar qaçmağın mümkünsüz olduğunu anlayıb, pıçıldaşıb ayıya yaxınlaşdılar.


Onlar dedilər:

"Biz Ağanın yeməyi olmağa çox şad olarıq".


Görək kimi birinci yeyəcək deyə qoyunlar mübahisə etməyə başladılar. Nəhayət biri sözünə davam edərək dedi:
- Ağamızın izni ilə biz buynuzlaşaq, hansımız qalib gəlsək, birinci onu yeyərsiz.


Onlar Ayını hakim seçdilər, əlli addım uzaqlaşıb ikisi birdən ayıya buynuz vurdular. Yazıq Ayı zərbənin gücündən yerə ölü kimi düşüb qaldı. Özünə gələndə artıq qoyunların izi-tozu yox idi.


İki saata qədər ağacın altında uzanandan sonra, yenidən yoluna davam etdi. Bu dəfə qarşısına dəvə çıxdı. Ayı fikirləşdi: “ Bu hamısından yaxşıdır, həm yağlıdır, həm də əti çoxdur”.


Var gücü ilə qışqırdı:
- Eyy dəvə! Dayan, mən yuxuda ov görmüşəm gərək səni yeyəm.
- Salam Ağa, dəvə cavab verdi.
- Sən məni haradan tanıyırsan? Ayı təəccüblə soruşdu.
- Səni axı kim tanımır, dəvə cavab verdi.—Mən lap yaxşı tanıyıram atanın çaparıyam , sənə ondan məktub gətirmişəm.
- Məktub hardadır ?
- Mənim nalıma yazılıb, - dəvə cavab verdi.

Məktubu oxumaq üçün ayı oturdu, dəvə bu zaman onun sinəsinə təpik vurub on addım uzağa atdı. Ayı zərbədən huşunu itirdi. Yalnız günəş batarkən özünə gəldi və anladı ki, bu cür yuxusuna inanmamalıydı.

 

Tərcümə edən: Xanım Mehdixanlı