Xəbərlər

9 Oktyabr- Ümumdünya Poçt Günüdür

Oktyabrın 9-u dünyada poçt sahəsi işçilərinin peşə bayramı – Ümumdünya Poçt Günü kimi qeyd olunur.
 
1874-cü ildə imzalanmış Bern müqaviləsi ilə əsası qoyulan və bu gün 192 ölkəni birləşdirən Ümumdünya Poçt İttifaqı (ÜPİ) dünyanın ən qədim və nüfuzlu beynəlxalq təşkilatlarından biridir. Onun əsas missiyası universal poçt şəbəkəsini təmin etmək, xidmətlərin keyfiyyətini artırmaq və qlobal əməkdaşlığı dəstəkləməkdir.
 
Bu il ÜPİ bayramın şüarını “Poçt insanlar üçündür: yerli xidmətlər, qlobal əhatə” kimi müəyyən edib. Mövzu təsadüfi deyil. Çünki hələ də dünya əhalisinin üçdə biri internetə çıxış imkanından məhrumdur və poçt xidmətləri bu boşluğu dolduran əsas vasitə olaraq qalır. Poçt yalnız məktubların çatdırılması deyil, həm də insanların sosial, iqtisadi və rəqəmsal inteqrasiyasını təmin edən mühüm infrastruktur hesab olunur. Ümumdünya Poçt Günü 1969-cu ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən ÜPİ-nin konqresində təsis edilib.
 
Yarandığı vaxtdan ötən illər ərzində çox böyük inkişaf yolu keçmiş ÜPİ hazırda dünyanın, demək olar ki, bütün ölkələrini özündə birləşdirməklə, təkcə poçt sahəsində deyil, həm də beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla, BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.
 
Poçt sahəsinin iqtisadi inkişafda mühüm rolunu bir daha gündəmə gətirən bu bayram hər il dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Bu beynəlxalq bayramda bir çox poçtlar yeni məhsul və xidmətləri təqdim və ya təşviq edirlər.
 
Azərbaycanın 1993-cü ilin aprel ayında bu quruma üzv qəbul olunması respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə əlavə imkanlar yaradıb. Müstəqil ölkə kimi ÜPİ üzvü olduğu qısa zaman ərzində Azərbaycan poçtu ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi, çox sürətli inkişaf yolu keçib və öz fəaliyyətinin ÜPİ-nin müəyyən etdiyi beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm uğurlar əldə edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkəmiz ÜPİ-nin 2004-cü ildə Buxarestdə keçirilmiş 23-cü Konqresində ilk dəfə olaraq, bu təşkilatın ali orqanı olan Administrativ Şuraya, 2008-ci ildə Cenevrədə keçirilmiş 24-cü Konqresində təşkilatın hər iki ali orqanına - Administrativ Şuraya və Poçt İstismarı Şurasına, 2016-cı ildə İstanbulda keçirilmiş 26-cı Konqresində isə yenidən Poçt İstismarı Şurasına üzv seçilib.
 
Azərbaycan poçt qurumu 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 2001-ci ildə Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), “Azərpoçt”un filialı olan “Azərekspresspoçt” Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilib.
 
Azərbaycanın ilk poçt markaları 1919-cu il oktyabrın 20-dən başlayaraq dövriyyəyə buraxılıb. İlk poçt markası Azərbaycan əsgərinə həsr olunub.
 
Poçtun dəyişən rolu: məktubdan rəqəmsal ekosistemə
 
Vaxtilə təkcə məktubların çatdırılması ilə assosiasiya olunan poçt bu gün elektron ticarət, maliyyə xidmətləri, rəqəmsal platformalar və logistikanın əsas iştirakçısına çevrilib. Dünyada 1,5 milyard insan poçt şəbəkəsi vasitəsilə ödəniş, pul köçürməsi və digər maliyyə xidmətlərinə çıxış əldə edir. Poçt xidmətlərinin dəyəri yalnız logistik funksiyalarla məhdudlaşmır. O, həm də insanların maliyyə xidmətlərinə çıxışını təmin edir, kiçik və orta biznesin inkişafına dəstək olur, sosial əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu gün dünyada 650 min poçt şöbəsi və 5,3 milyon əməkdaşı ilə poçt sistemi qlobal şəbəkədir.
 
ÜPİ-nin hesablamalarına görə, poçt xidməti hər gün milyonlarla insanı bir-biri ilə əlaqələndirir, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verir. Xüsusilə yoxsulluğun azaldılması, iqtisadi imkanların genişləndirilməsi və iqlim dəyişikliyi ilə mübarizədə poçtun əhəmiyyəti daha da artır.
 
Dünyanın bəzi bölgələrində internetə çıxışı olmayan milyonlarla insan üçün poçt hələ də əsas ünsiyyət və iqtisadi fəaliyyət vasitəsidir. Builki Ümumdünya Poçt Gününün mövzusu da bu reallığı əks etdirir: “Poçt insanlar üçün: yerli xidmət, qlobal əhatə”.
 
Poçt məktublardan daha çox şeydir – o, həm bizneslər üçün müştəriyə çıxış kanalı, həm də kəndlərdə yaşayan insanlar üçün dünyaya açılan qapıdır. Ümumdünya Poçt Günü təkcə peşə bayramı deyil, həm də poçtun cəmiyyət və iqtisadiyyat üçün rolunun dərk edilməsinə xidmət edir. Rəqəmsal texnologiyaların inkişafı ilə yanaşı, ənənəvi poçt sistemi hələ də milyonlarla insanın həyatında mühüm körpü rolunu oynayır. Azərbaycanın milli poçt operatoru “Azərpoçt” da bu prosesdə fəal iştirak edərək həm xidmət keyfiyyətini artırır, həm də davamlılıq və iqlim gündəliyinə uyğun addımlar atır.
 
Azərbaycanın işğaldan azad olunan ərazilərində əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir. Bu il Şuşa və Kəlbəcərdə poçt şöbələri fəaliyyətə başlayıb. Belə ki, sentyabr ayında AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC Kəlbəcər şəhərində AZ3200 indeksli Kəlbəcər Poçt Şöbəsini vətəndaşların istifadəsinə verib.
 
Xatırladaq ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda poçt şöbəsi 2020-ci, Xankəndi poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə poçt şöbəsi yaradılıb, 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.
 
Ümumdünya Poçt Günü bir daha göstərir ki, poçt yalnız keçmişin nostaljisi deyil, həm də gələcəyin innovasiyalarını daşıyan qlobal platformadır.