Xəbərlər

İstedadlı uşaqlar XI Bakı Beynəlxalq Kitab Sərgisində

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalının iştirakçıları XI Bakı Beynəlxalq Kitab Uşaq Sərgisində öz stendi ilə çıxış ediblər. Festivalın məqsədi 6-17 yaş aralığındakı istedadlı uşaq və yeniyetmələri kəşf etmək, onların yaradıcılığını ön plana çıxarmaq və zəngin mədəni irsimizi gələcək nəsillərə ötürməkdir.

 

Festivalda müxtəlif sahələrdə fərqlənmiş uşaqlar öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüblər.

 

Rəsm bacarıqları ilə seçilən Nihal Kərimli əsərlərində kitab dünyası ilə real həyatı birləşdirdiyini deyib: “Sərgini gəzdim. Kitablar mənim üçün çox maraqlıdır. Çəkdiyim əsərlərdə sanki özümü həm real həyatda, həm də kitab dünyasında görürəm. 3 nömrəli Uşaq incəsənət məktəbində oxuyuram, müəllimim Mehriban Qasımovadır. Ən çox Reyhan Yusifqızının kitablarını oxuyuram, onlar mənə ilham verir”.

 

Skripka ifaçısı Esmanur İmanlı isə musiqiyə olan sevgisini xüsusi vurğulayıb. Bir çox dövlət tədbirlərində və efirlərdə çıxış etdiyini bildirən gənc ifaçı deyib: “İfa etməyi ən çox sevdiyim əsər “Experience”dir. Bu kitab sərgisində də həmin əsəri səsləndirdim. Müəllimim Nurlan Məmmədliyə təşəkkür edirəm. Mən sanki skripka üçün yaranmışam. Kumirlərim Ramin Həsənov və Aleksandr Rıbakdır, onun “Fairytale” əsərinin yaradıcılığımda xüsusi yeri var”.

 

Xanəndəlik üzrə təhsil alan İbrahim Ramazanov uşaqlıqdan musiqiyə marağının məhz ailəsinin kəşf etdiyini dilə gətirib: “Evdə zümzümə edəndə valideynlərim istedadımı görüb məni musiqi məktəbinə yazdırıblar. İndi 3-cü sinifdə oxuyuram, müəllimim Aynurə Qurbanovadır. Gələcəkdə də bu sənəti davam etdirmək istəyirəm. Ən böyük arzularımdan biri Əlibaba Məmmədov və Səxavət Məmmədov kimi oxumaqdır”.

 

Tar ifaçısı Rəhman Hüseynzadə sərgidə əldə etdiyi bir-birindən maraqlı kitablardan danışıb: “Sərgidə müxtəlif kitablar, gündəliklər, şəkil çəkmək üçün ləvazimat aldım. Həmçinin burada ifa etmək mənə zövq verir. Musiqiyə gəlişim babamın həvəsləndirməsi sayəsində mümkün olub. Mənim üçün musiqi və yaradıcılıq həyatın ayrılmaz hissəsidir”.