Qayğıkeş və mehriban uşaqlar daha sağlam qidalanırlar
Böyük Britaniyada aparılan uzunmüddətli tədqiqata əsasən, başqalarına kömək edən, qayğıkeş və daim xoş ünsiyyətdə olan uşaqlar yeniyetməlik dövründə daha sağlam qidalanma vərdişlərinə sahib olurlar.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, bu araşdırma ilə bağlı “American Journal of Preventive Medicine” jurnalında məlumat dərc edilib.
Belə ki, tədqiqatçılar 5-17 yaş arasında olan uşaqları 20 ildən çox izləyiblər. Nəticələrə görə, uşaqlıqda xeyirxahlıq edən, başqalarına kömək göstərən və digər bu kimi hərəkətlərə üstünlük verənlər 14-17 yaşlarında daha çox meyvə və tərəvəz yeyirlər.
Mütəxəssislər bildirirlər ki, qeyd olunan davranışlar uşaqların sosial əlaqələrini gücləndirir, stresi azaldır və onların sağlamlıqla bağlı daha yaxşı seçimlər etmələrinə şərait yaradır. Uşaqlarda empatiya, mərhəmət və əməkdaşlıq vərdişlərini təşviq etmək isə gələcəkdə onların ümumi sağlamlığını qorumaq üçün təsirli strategiya ola bilər.
11.08.2025