Görkəmli şəxsiyyətlər

Gənc xəfiyyələrin sevimli qəhrəmanı Şerlok Holms

Londonun  Beyker-strit  küçəsindəki  evlərdən birinin  qapısına xatirə lövhəsi vurulmuşdur.  Lövhə buradan  keçən bütün insanlara xəbər verir ki,  1881-ci  ildən  1903-cü ilə kimi  məşhur xəfiyyə  Şerlok  Holms  burada yaşamışdır.  Əslində isə  belə bir adam olmamışdır.  Şerlok Holms ədəbi qəhrəmandır, surətdir.  Bütün dünyada böyüklər və uşaqlar  onun macəraları haqqında   kitabları  təkcə ona görə sevmirlər ki,  Şerlok Holms fədakar, cəsur və ədalətlidir. Holmsun  ən başlıca üstünlüyü – ağlının itiliyidir.  Onun ağlı ən düyünlü məsələləri və cinayətləri belə açmağa qadirdir.  O, çox diqqətlidir. Hər bir əşya öz sahibi haqqında çox şey danışa bilər.  Şerlok Holms düzgün mühakimələr yürütməklə dolaşıq işləri  açır.  O, həqiqətən istedadlı tədqiqatçıdır. Holms elmdən – kimya, psixologiya və təbabətdən silah kimi istifadə edir.  Müvəffəqiyyətli  axtarış üçün  ona çoxlu bilik lazımdır. Odur ki,  o, cürbəcür təcrübələr aparır.

Məşhur xəfiyyə  Holmsun özünün də  əziz və adi vərdişləri vardır. O, musiqini və ədəbiyyatı sevir, skripkada çalır.  Onda o qədər cəlbedici insani keyfiyyətlər var ki, bəzi oxucular  onun həqiqətən  də həyatda yaşamış olduğuna inanırlar.

Şerlok Holmsu dünyaya da tanıdan  görkəmli ingilis yazıçısı  Artur Konan-Doyldur. Konan-Doyl, həkimliyə təzə başlayanda  xəstə gözləyən zaman bekarçılıqdan darıxmamaq üçün  xəfiyyə haqqında  hekayələr yazmağa başlayır. Məşhur xəfiyyənin prototipi onun müəllimi, Edinburq Universitetinin professoru  Cozef Bell olur. Konan-Doyal onun assistenti idi. Konan- Doyl hər gün müəllimini müşahidə edir  və Şerlok Holmsun obrazını onun xüsusiyyətlərindən bəhrələnərək yaradır. O, 40 illik yaradıcılıq dövründə məşhur xəfiyyə haqqında  olan dörd roman və çoxsaylı  hekayələrdən  başqa fantastik və tarixi  romanlar yazsa da, ona dünya şöhrətini məhz Şerlok Holms gətirmişdir.   Konan-Doyl özü də  elə bir az  Şerlok Holms idi. Təsadüfi deyildir ki,  xüsusi  diqqətcilliyə və  gözəl təxəyyülə malik olan yazıçıya London  polisi, Misir və Çin hökumətləri  müraciət edib  kömək istəyir, bir sıra cinayətləri  açmağı ondan xahiş edirdilər.  Yazıçı, Londonun  küçələrindən keçəndə, yoldan ötənlər şlyapasını çıxarıb deyirdi: “Salam, mister Şerlok Holms”...

On illər keçir, lakin oxucular indiyədək Konan-Doylun  hekayələrinin qəhrəmanından  çətin sirləri açmağı, cəsur olmağı və həmişə ədalətin keşiyində durmağa  öyrənirlər.