Ağaclar qışda yatır? Niyə soyuqda məhv olmurlar?
Hər kəs bilir ki, ağacların əksəriyyəti qışda yarpaqlarını tökür, lakin həddindən artıq soyuqdan necə sağ çıxa bilmələri haqqında məlumatları yoxdur.
Qışda çöldə, düzdə gördüyümüz heyvanlar soyuqdan sağ çıxmaq üçün hərəkət etməyə davam edirlər və həmişəkindən daha çox yemək yeyirlər, görmədiyimiz heyvanlar isə qış yuxusuna gedirlər. Ağaclar da, qış aylarında onları canlı saxlayan, heyvanların qış yuxusuna bənzəyən, hipobioz (istirahət vəziyyəti) adlanan prosesdən keçirlər.
İstirahət vəziyyəti nədir?
İstirahət vəziyyəti və ya hipobioz - canlı orqanizmlərin yüksək həyat qabiliyyətini qoruyarkən ətraf mühit amillərinin (aşağı və yüksək temperatur, rütubətin olmaması və s.) yaratdığı funksional fəaliyyətinin azalması vəziyyətidir. Orqanizmlərin mövcudluğu üçün normal şərait bərpa edildikdən sonra onun bütün funksional sistemlərinin aktiv fəaliyyəti bərpa olunur.
Hipobioz heyvanların qış yuxusuna bənzəyir, çünki bitkidəki bütün proseslər yavaşlayır - maddələr mübadiləsi, enerji istehlakı, böyümə və s. İstirahət vəziyyətinin ilk mərhələsi ağacların yarpaqlarını itirməsidir. Qışda fotosintez yolu ilə qida maddələri istehsal etmirlər, buna görə də yarpaqlara ehtiyac duymurlar. Yarpaqların tökülmə vaxtı gəldikdə, yarpaq əsasında (zoğun yarpağa birləşən hissəsi) “absis turşusu” adlı kimyəvi maddə əmələ gəlir (bu bir bitki hormonudur (izoprenoid). Budaq əsası - yarpağın zoğa birləşdiyi yerdir, buna görə də orada absis turşusu yığıldıqda, yarpağın düşməsi barədə siqnal verir (bu proses yalnız yarpaqlı ağaclara xasdır, iynəyarpaqlılara deyil).
Absis turşusu hüceyrə bölünməsinin qarşısını alaraq böyüməyə maneə olan izoprenoid bitki hormonudur (bu, həm yarpaqlı, həm də iynəyarpaqlı ağaclarda olur). Qışda enerji qənaətini təmin edən hipobiozun başqa bir aspekti - böyümənin ləngiməsidir. Bu qış yuxusuna bənzəyir, çünki qış yuxusuna gedən heyvanların əksəriyyəti qidaları yağ şəklində saxlayır və daha sonra qışda kökəlmək əvəzinə həyati vacib bədən sistemlərini dəstəkləmək üçün istifadə edirlər. İstirahət zamanı ağacın maddələr mübadiləsi də yavaşlayır və bu, qismən hüceyrə bölünməsinin gecikməsinin səbəbidir. Ağac saxladığı lazımı maddələri (qidanı) qorumalı olduğundan, ondan yavaş-yavaş və yalnız əsas funksiyalar üçün istifadə edir.
Ağaclarda qış yuxusunun qarşısını almaq mümkündürmü?
Bir ağacı sığınacaqda, sabit temperaturda və işıqda saxlamaqla onu hipobioz, yəni istirahət vəziyyətinə düşməkdən yayındırmaq mümkündür. Ancaq bu, ümumiyyətlə bitki üçün pisdir. Ağacların hipobioz dövründən keçməsi təbiidir və bir neçə ay qış yuxusuna getməsinə icazə verilməsə, bitkinin ömrü kəskin şəkildə azalır.
Ağacların qış yuxusuzluğu üçün bir səbəbi var: ən yaxşısı onlara təbiətin nəzərdə tutduğu kimi təbii dövrlərini keçməsinə icazə verməkdir!
01.11.2021