Şeirlər

Zəlimxan Yaqub. O günü gözləyirəm

 

Şuşada bir doyunca
Könlümdən gəzmək keçir,
o günü gözləyirəm.
Qalxıb Cıdır düzünə
Gülümü dərmək keçir,
o günü gözləyirəm.

 

Coşa İsa bulağı,
Qəlbə süzülə, axa.
Ovcum nur ilə dola,
Gözüm gözünə baxa,
o günü gözləyirəm.

 

Məni Şuşada görə,
Düşmən baxa xar ola.
Daşaltının hər daşı
Düşmənə məzar ola,
o günü gözləyirəm.

 

 

 

 

 

Öz gülüm, öz çiçəyim
Öz əlimlə dərilə.
Görə bu xoş günləri,
Şəhidlərim dirilə,
o günü gözləyirəm.

 

Qarabağ deyiləndə
Torpaq qalxa ayağa.
Ehtiyacı olmaya
Bir səddə, bir dayağa,
o günü gözləyirəm.

 

Şuşasız varlığımda
Nə ürək var, nə də can.
Ağ atın üstə gələ
Ulu dədəm Pənah xan,
o günü gözləyirəm.

 

Hanı Şuşa torpağı,
Gülü kəfənim olsun.
Mənimdir, mənimkidir,
Həmişə mənim olsun.
o günü gözləyirəm.

 

Mənim ağ paltarımda,
Hələ qara yamaq var.
Şuşasız yaşamaq yox,
Şuşalı yaşamaq var,
o günü gözləyirəm.

 

Tarixi düz yazıla,
Şuşa Şuşamız ola.
Bu dünyaya sığmayan
Bir tamaşamız ola,
o günü gözləyirəm.