Özgüvən və qorxu
Hər bir insanın içində qorxu hissi olur. İbtidai sinifdə oxuyan şagirdlər də bəzən qorxu keçirirlər. Bu cür qorxu hissini birinci sinifdə oxuyan Saşa adlı şagird də yaşayıb.
Bir gün müəlliməsi Saşaya konsertdə şeir oxumağı tapşırdı. Saşka şeiri əla öyrənib konsertə gəldi. Ancaq növbəsi nə qədər yaxınlaşdısa, Saşkanın ayaqları o qədər ağırlaşdı və anlaşılmaz bir qorxu hissi onu bürüdü. Müəllimə bunu görüb ona yaxınlaşıb qulağına pıçıldadı:
- Saşa, dünən uşaqların çıxışını televizorda izlədin?
Saşka başını tərpədib, izlədiyini bildirdi.
- Yadındadırmı, çıxışın əvvəlində bir oğlan necə gözəl, ifadəli şer oxudu?
- Bəli, - Saşka cavab verdi.
- Yəni təsəvvür et ki, indi də eyni oğlan çıxış edəcək. Onun necə getdiyini, qollarını necə yellədiyini, başını necə tutduğunu xatırla.
Saşka bir az fikrə getdi və dünənki, televizordakı oğlanın hərəkətlərini dəqiqliklə yadına salmağa başladı. Özünü onun yerinə qoydu və birdən müəllimənin səsini eşitdi:
- Saşa, səhnəyə çıxmağın vaxtıdır. Başını dik tut, sinəni isə irəli ver.
Saşka dünənki şeir oxuyan oğlanı təqlid edərək səhnəyə çıxdı və bütün şeiri ifadəli şəkildə oxudu.
Bundan sonra uzun müddət tamaşaçılar əl çaldı. Saşka tamaşaçılar qarşısında baş əydi və inamlı bir yerişlə səhnəni tərk etdi.
Saşa pərdə arxasında müəlliməsini gördü, ona tərəf atılaraq sevinclə qışqırdı:
- Bacardım! Larisa İvanovna, qorxumu dəf edə bildim!
Müəllimə onun başını sığallayıb cavab verdi:
- Mən sənə inanırdım, Saşa! İnanıram ki, içindəki qorxu hissinə necə qalib gələ biləcəyini ömrün boyu xatırlayacaqsan. Əsl inam hər zaman qorxudan daha güclüdür!
08.09.2021