Şeirlər

Nigar Rəfibəyli. Neyləyim?

 

Ala gözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur, neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim?

 

 

 

 

 

 

 

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda,

Yasəmən saçını yolur, neyləyim?

 

 

Əsən rüzgarın da yoxdur vəfası,

Düşmüşdür başına özgə sevdası.

Lalənin cırılıb qəmdən yaxası,

Saçları pərişan olur, neyləyim?

 

 

Bəlkə, tez gələsən, əlac verəsən,

Sünbülün saçını yığıb hörəsən,

Əlvan çiçəkləri özün dərəsən,

Gözləri yollarda qalır, neyləyim?

 

 

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var,

Bu bahar axşamı səni bax, Nigar

Həzin-həzin yada salır, neyləyim?