L.N. Tolstoy. Xilaskar itlər
Çox vaxt şəhərdə, yanğın zamanı, kiçik uşaqlar evdə qalır və qorxudan bir küncə sıxılıb səslərini çıxarmırlar. Hər tərəfi tüstü bürüdüyündən onları tapmaq çətin olur. Belə hallarda Londonda yanğınsöndürənlər xüsusi öyrədilmiş xilaskar itlərdən istifadə edirlər. Bu itlər yanğınsöndürənlərlə bir yerdə yaşayır və hər hansı bir evdə yanğın baş verdikdə, yanğınsöndürənlər uşaqları çıxarmaq üçün məhz bu itləri göndərirlər. Londonda «Bob» adlı belə itlərdən biri, on iki uşağı alovların arasından xilas etmişdir.
Bir dəfə böyük bir evdə yanğın baş verdi. Yanğınsöndürənlər gələndə bir qadın ağlaya-ağlaya dedi ki, evdə onun 2 yaşlı qızı qalıb. Yanğınsöndürənlər özləri ilə gətirdikləri iti evə göndərdilər.
İt pilləkənlə qalxıb tüstünün içində yox oldu. İki dəqiqədən sonra o, dişləri ilə balaca qızcığazın donundan tutaraq geri döndü. Ana qızını sağ-salamat görüb onu bağrına basdı.
İt yenə evə can atırdı. Yanğınsöndürənlər düşündülər ki, yəqin, evdə kimsə qalıb. İti buraxdılar. O, evə cumdu və tezliklə dişlərində bir şey tutaraq geri qayıtdı.
Adamlar itin bu dəfə nə gətirdiyini görəndə güldülər: xilaskar it ağzında böyük bir gəlincik tutmuşdu.
17.08.2021