Sevinc Nuruqızı. Görəsən, itlər də ağlayır?
Şümşad nənə, ay Şümşad nənə!
Cavab verən olmadı. Sərçə bir də çağırdı:
– Şümşad nənə, ay Şümşad nənə!
Hay gəlmədi. Sərçə yaxşı bilirdi ki, neçə dəfə çağırsa da cavab almayacaqdı. Axı, çağırdığı qarı heç nə eşitmirdi. Amma Sərçə də çağırmamış artırmaya qalxmağa cəsarət eləməzdi.
Üzü yuxarı boylandı. Arıq ayaqlarını çürüyüb qaralmış taxta pilləkənlərə yavaşca basa-basa yuxarı qalxdı. Artırmada balaca uşaq boyda, beli bükülmüş qarı oturmuşdu.
– Şümşad nənə, mən gəldim.
– Yaxşı elədin, Xanım bala. Gəl otur.
Onu təkcə bu qarı öz adı ilə çağırardı.
– Qəşəng adın var. Xanım! Qoyma sənə Sərçə desinlər, - deyərdi.
Amma Sərçənin əlindən bir şey gəlməzdi ki. Çünki, çoxları onun əsl adını belə bilmirdilər.
Eynən Şümşad nənə kimi bardaş qurub oturdu. Gözlərini qarının həvəngdəstədə nə isə döyən qupquru, damarları çıxmış əlinə zillədi. Hardansa damcılar düşdü bu əllərin üstünə. Damcılar daşa dəymiş kimi çırtladı. Ətrafa səpələndi. Sərçə gözlərini qaldırdı. Baxışlarını qarının qırışlardan susuz torpaq kimi çat-çat olmuş sifətinə zillədi. Çatlar parıldayırdı.
Ağlayırdı. Sərçə kədərləndi. Ətrafa baxdı. Hər dəfə Şümşad nənənin suyu sovrulmuş dəyirmana bənzəyən bu səssiz-küysüz evinə gələndə darıxardı. Bu lal divarlar arasında yaşayan qarının halına acıyardı:
– Xanım, sənə bir sözüm var.
– Nədir, Şümşad nənə?
– Xanım, balamsan. Özün bilirsən ki, qulaqlarım tamam batıb. Yanımda top atsalar da eşitmərəm. O qudurmuşlar kəndə girəndə xəbərim olmayacaq. Məni qoyub getmə…
Səsi əsdi. Boğazı tıxandı. Qırışlar yenidən parıldadı.
Sərçə heykəl kimi lal-dinməz durub baxırdı. Öz-özünə: «Gör kimə ağız açır. Gör ümidi nə qədər kəsilib ki…».
Gözlərinin qarşısından tanış və dəhşətli kadrlar keçdi: çöllərə səpələnmiş qoca, uşaq meyitləri. Daşa dönmüş meyitlərin üstündə hönkür-hönkür ağlayan videooperator. Titrəyən kamera…
Qarının səsi onu qısa həyatının ən qorxunc xəyallarından ayırdı:
– Ölüm gözəl şeydir. Amma rahat ölüm.
Sərçə gözlərində sonuncu ümid qığılcımları öləziyən qarıya baxdı:
– Yox, qoymaram sönsün onun sonuncu ümidi, - dedi. Qətiyyətlə:
– Qorxma, nənə, səni qoyub heç yerə getməyəcəyəm.
Dedi, amma dediyi sözü yerinə yetirə biləcəyinə özü də inanmadı. Kiçik, zərif əlini, qupquru, damar-damar əlin üstünə qoydu:
– Mütləq, mütləq aparacam.
Qarı gülümsədi. Parıldayan cığırlar işıqlandı. Bənizindəki kölgə çəkildi.
Sərçə hoppana-hoppana çürümüş, taxta pilləkənlərdən endi. Daha yıxılacağından da ehtiyat etmədi…
Bu gün o erkəndən oyanmışdı. Hamı yuxuda idi. Sərçə isə qonşunun itinin səsinə durmuşdu. Stolun altındakı çörək teştini çəkdi. Üstündəki dəstərxanı qaldırıb bir parça çörək kəsdi, aşağı yüyürdü. İt çörəyi havada qapdı:
– Yazıq. Bənövşəyə nə deyim elə. Heç olmasa gedəndə bu heyvanı zəncirdən açıb buraxaydı. İndi ona kim yaxın düşə bilər ki…
İtə baxdı. Çörəyi yeyib qurtarmışdı. Yazıq-yazıq ona baxırdı. Sərçəyə elə gəldi ki, onun qapqara gözləri yaşarıb. Sonra öz-özünə:
– İtlər də ağlayar?! - sualını verdi. Daha onun gözlərinə baxa bilmədi. Dönüb eyvana tərəf getdi. Eşitdiyi qəfil gurultudan qulaqları uğuldadı. Yerindəcə dondu. Qonşu evin divarı gurultu ilə töküldü.
Anası və bacıları eyvana atıldılar. Gurultu kəsilmirdi. Sərçənin başının üstündən vıyıltıyla güllələr keçirdi. Bacıları çığırışırdı. O da qışqırmaq istəyirdi. Səsi çıxmırdı:
– Kəndə giriblər. Ay camaat, ermənilər kəndə giriblər.
Anası hazır qoyduğu bağlamanı götürüb maşına atdı. Dəhşət içində qaçışan uşaqları içəri yığdı. Babası ağır bədənini güclə gətirib sükanın arxasına salmışdı. Atası cəbhəyə gedən gündən maşını o sürürdü.
Sərçə maşına sarı getdi. Oturmaq istədi. Bacarmadı. Qulaqlarında: «Ölüm yaxşı şeydir. Rahat ölüm…» səsləndi, gözlərinin önündə buza dönmüş meyitlər və hönkürən videooperator janlandı…
Qaça-qaça kənd yoluna çıxdı. Anasının səsi gurultuya qarışdı:
– Sərçə, Sərçə, hara, ay bala?! Sərçə, qayıt!!!
Çürümüş pilləkənləri necə çıxdı xəbəri olmadı. Artırmada heç kim yox idi. Ağlından keçən fikirdən dəhşətə gəldi:
– Yatıb!!!
Kiçik yumruqlarını pəncərəyə döydü:
– Dur, Şümşad nənə, dur! Dur, nənə, dur. Giriblər. Kəndə giriblər.
Xeyri olmadı. Qarı tərpənmirdi. Ölü kimi uzanmışdı.
…Yenə buza dönmüş meyitlər, yenə boğuq hönkürtü… Əsdi. Pilləkənlərə tərəf atıldı. Bir pilləkən düşdü. Dayandı:
– Rahat ölüm yaxşı şeydir. Rahat ölüm.
Döndü. İlk gözünə dəyən pəncərənin qarşısındakı həvəngdəstə oldu. Həvəngin dəstəsini götürüb qarşısındakı şüşəyə çırpdı. Onun tamam tökülməsini gözləyə bilmədi. İçəri atıldı:
– Dur, nənə, dur. Dur, nənə, - deyib qarını silkələdi.
Qarı dik atıldı:
– Gəlmisən, Xanım bala?! Gəlmisən…
Sərçə verdiyi sözü yerinə yetirmişdi. Bu sözün doğruluğuna inanmasa da belə. Qarı da arzusuna çatmışdı. Nə vaxtsa öləcəkdi, amma rahat ölümlə…
Arxasınca boşalmış yurd yeri baxan bir maşın şütüryürdü kənd yoluyla. Bu maşında bir uşaq hönkürürdü, zəncirdə qalmış qonşu itdən ötəri.
Üstündən illər keçəcək. Hönkürtüsü içinə hopmuş qız böyüyəcək. Amma onu ömür boyu yaşla dolmuş qonşu itin gözləri təqib edəcək. Elə hey fikirləşəcək:
- Görəsən itlər də ağlayır?!
13.07.2021