Nağıllar, hekayələr

Xalidə Hasilova. Tofiqin ad günü

Tofiqin ad günü idi. Evdə anası cürbəcür şirniyyatlar bişirmişdi. Axşamüstü Tofiqin qohumları onlara gəldilər. Hamı onu təbrik etdi. Ancaq atası hələ də buruqdan qayıtmamışdı. Tofiq tez-tez alnını şüşəyə dayayıb baxırdı. Dənizdə səhərdən əsən külək şiddətlənmişdi. Axşamdan bir az keçmiş bərk fırtına başladı. Tofiq dənizə baxdığı zaman atasının işıqlarını görmədi. O, Həyəcanla anasını çağırdı:

 

- Ana, atamın işıqları görünmür.

 

Anası pəncərəyə yaxınlaşdı. İşıqlar, doğrudan da, görünmürdü. Dəniz qəzəblə uğuldayır, dalğaların gurultusundan qulaq tutulurdu.

 

- Yox, oğlum, işıqları yanır, ancaq hava duman olduğu üçün görünmür, - deyə o, oğlunun saçını tumarladı.

 

Qonaqlar ananın səsindən onun da həyəcan keçirdiyini başa düşdülər. Gecə yarı oldu. İri Zəncirli saat düz on iki dəfə vurdu, lakin Tofiqin atası gəlib çıxmadı.

 

Qonaqlar getdilər. Tofiqin anası bir neçə dəqiqə pəncərənin qabağında durub baxdı. Heç bir şey görünmürdü. Dəniz isə daha da coşmuşdu. Pəncərələr elə silkələnirdi ki, az qala şüşələri qırılacaqdı.

 

- Ana, atam gəlməyəcək?

 

- Yox oğlum, bu fırtınada gələ bilməz, yəqin, buruqda qalacaqdır, gedək yat.

 

Tofiq yatağına uzandı. Lakin gözünə yuxu getmədi. Şiddətlə gurlayan dəniz, elə bil, onun yatağının içində idi.

 

Tofiq yuxuya nə vaxt getdiyini bilmədi. Ancaq o, səhər oyananda dəniz yenə gecəki kimi guruldayırdı. O, gözünü açan kimi atasını soruşdu.

 

Anası dedi:

 

- Yox, gəlmədi. Yəqin, buruğu qoyub gələ bilmir.

 

Tofiqin atası düz iki gündən sonra qayıtdı. Tofiq səhər oyananda atasını yaş brezent plaşında gördü. O, plaşını soyunmamış Tofiqin çarpayısına tərəf əyilib gülümsəyirdi.

 

- Oğlum, səni təbrik edirəm, ad günün mübarək! - Bu da sənin hədiyyən!

 

Anası gülümsəyib dedi:

 

- Görürsənmi, atan sənin ad günün üçün nə böyük hədiyyə hazırlamışdır.

 

Tofiq tez kağızı açdı. İçindən neft buruqlarının maketi çıxdı.

 

Tofiq atasının boynuna sarıldı, ona təşəkkür etdi. Qeyri-ixtiyari hədiyyəsini götürüb pəncərəyə yaxınlaşdı, dənizə və görünən neft buruqlarına baxdı...