Sona Xəyal. Faydalı məsləhət
Rizvan işləməyi çox sevirdi. Əkinçilik işləri ona xüsusi həzz verirdi. Torpağı belləyir, sahədəki alaq otlarını vurur, bitkiləri suvarırdı. Bir sözlə, hər bir işdə atasının yaxın köməkçisi idi.
Rizvangilin bağında ayrıca lobya əkilən sahə var idi. Hər il o sahə əkilər və çoxlu məhsul verərdi. Məhsul yığılan vaxtı Rizvan səbirsizliklə gözləyərdi. Kolları kökündən çıxarıb dəstələyər, evə gətirib lobyaları yığardı. Artıq paxlaların yetişən vaxtı idi. Partlamış paxlaların içindən lobyalar görünməyə başlayanda Rizvan anasına dedi: “Deyəsən, lobyaların yığılan vaxtıdır...”
- Hə, oğlum, dünən atan dedi ki, tədricən yetişənləri yığmaq lazımdır.
Rizvan sevincək dilləndi: “Onda gedim, kolları çıxarım!”
Rizvan sahəyə gəldi. Paxlaları yetişmiş kolları çıxarmağa başladı. Artıq xeyli kol yığılmışdı. Bu vaxt qonşuları Əjdər əmi gəlib çıxdı. Təəccüblə üst-üstə qalaqlanmış kollara baxıb soruşdu:
- A bala, kolları niyə kökündən çıxarırsan?
Rizvan diksindi. Çevrilib pərt halda bir Əjdər əmiyə, bir də paxla qalağına baxdı. Heç bir şey anlamadı. Əjdər əmi onun donub qaldığını görüb dilləndi:
- Oğlum, lobya kollarını kökü ilə çıxarmazlar. Paxlalı bitkiləri elə yığmaq lazımdır ki, kökləri torpaqda qalsın.
- Niyə? - Rizvan maraqla soruşdu.
Əjdər əmi çıxarılmış kollardan birini əlinə götürüb dedi:
- Bax, oğlum, görürsənmi kökə birləşmiş yumruları. Paxlalı bitkilərin köklərində yumrucuq bakteriyaları olur. Bu bakteriyalar atmosferdə olan azotu bitkinin qəbul edə biləcəyi şəklə salır. Onlar torpaqda nə qədər çox olarsa, bitkilər azotla bir o qədər yaxşı təmin olunar. Əlavə azot gübrəsinə də ehtiyac olmaz. Yumrucuq bakteriyaları ancaq paxlalı bitkilərdə olur. Azot isə bütün bitkilərə lazımdır. Ona görə də paxlalı bitkiləri yığanda köklərini torpaqda saxlayırlar. Yığımdan sonra isə torpağı çevirirlər. Həmin yerə tərəvəz bitkiləri əkirlər. Bu bitkilər torpaqdakı azotla xeyli müddət qidalana bilirlər.
Rizvan fikrə getdi. Bu vaxta kimi bunları bilmədiyinə heyfsiləndi.
Eybi yoxdur, oğlum.
Bilməmək eyib deyil, öyrənməmək eyibdir, - deyib Əjdər əmi onun pərtliyini aradan qaldırmaq üçün gülümsədi.
Rizvan Əjdər əmiyə faydalı məsləhət üçün təşəkkür etdi.
08.06.2021