Dilrüba Cəfərova. O mənim bacımdır
Qızıl Aypara Cəmiyyətinin səyyar tibb məntəqəsi cəbhə xəttindən 40 kilometr aralıda – Ağdam rayonunun ərazisində yerləşdirilmişdi. Burada işləyən həkimlərdən biri əcnəbi idi. Əslən şotland olan cərrah Allen Maksvel hər gün bir neçə ağır yaralı üzərində əməliyyat aparmalı olurdu. Tibb bacılarından yalnız Aygün ingilis dilini bildiyindən daim onun yanında olur, yaralılarla ünsiyyətinə kömək edirdi.
Günorta xəbər gəldi ki, düşmən cəbhə bölgəsindəki kəndlərimizdən birini bombardman edib. Bir azdan yaralıları maşınla tibb məntəqəsinə gətirəcəklər. Doktor Maksvel göstəriş verdi ki, böyük palatalardan birini yeni gətirilən yaralılar üçün hazırlasınlar.
Gələnlərin arasında dörd uşaq da var idi. Yeddi yaşlı bir qız uşağının vəziyyəti çox ağır idi. Mərmi qəlpəsi onun çiynini yaralamış, qız xeyli qan itirmişdi. Allen Maksvel ilk növbədə həmin qızı əməliyyat otağına aparmağı tapşırdı. Doktor onu müayinə etdikdən sonra bildirdi ki, yaralıya təcili qan köçürülməlidir. Tərslikdən qızın qanı nadir qan qrupundan idi.
O dəqiqə məntəqəyə xəbər yayıldı: “Yeddi yaşlı qızı xilas etmək üçün qan lazımdır. IV qan qrupu olan könüllülərdən xahiş olunur, tibb bacısı Aygünə müraciət etsinlər”.
Yeni gələn uşaqlardan biri – doqquz yaşlı bir qız həyəcan içində əməliyyat otağının qarşısında vurnuxurdu. O axsayırdı, bombardman zamanı qaçarkən ayağı burxulmuşdu. Lakin ağrılara fikir vermədən yalvarıcı nəzərlərlə otağa girib-çıxanlara baxır, içəridən bir xəbər bilməyə çalışırdı. Nəhayət, o, əməliyyat otağına daxil olan Aygünün xalatından yapışdı:
– Xala, olar, mən də içəri keçim?
– Yox, balaca, bu otağa girmək olmaz. Get palatana, həkim indi gəlib ayağına baxar.
– Nə olar, qurban olum, qoy keçim də! Axı o mənim bacımdır.
Aygün “Yox, yox, olmaz”, – deyib içəri keçmək istəyirdi ki, birdən ayaq saxlayıb qıza tərəf döndü:
– Doğrudan, sənin bacındır?
– Hə, vallah, bacımdır.
Aygün qızın əlindən tutub doktor Maksvelin yanına gətirdi:
– Doktor, bu qız pasiyentin bacısıdır, – dedi. – Bəlkə, qan qrupları eynidir?
– Axı o lap balacadır.
– Başqa çarəmiz yoxdur, doktor. Məncə, problem olmaz. Sağlam qıza oxşayır.
– Yaxşı. Qanını analiz edin.
Bir azdan məlum oldu ki, bacılar eyni qan qrupuna malikdirlər. Allen Maksvel qıza yaxınlaşıb soruşdu:
– Adın nədir?
– Nərminə.
Aygün onların danışığını tərcümə edirdi.
– Nərminə, bacın çoxlu qan itirib. Öz qanından ona verməyə razısan?
Nərminənin gözləri yaşardı. Titrək səslə dedi:
– Yoxsa ölər? – deyə soruşdu.
Doktor qeyri-müəyyən tərzdə başını tərpətdi. Qız dedi:
– Hə, razıyam.
Nərminəni çarpayıda uzatdılar. O, bir müddət damarından çıxan qanın şüşəyə necə dolduğuna baxdı. Sonra üzünü yana çevirib hıçqırmağa başladı. Qızcığaz tir-tir əsirdi. Maksvel narahat oldu:
– Nə olub, Nərminə, ağrıdır?
– Yox, – deyə Nərminə ağlaya-ağlaya cavab verdi.
Qanköçürmə əməliyyatı bitdi. Nərminə gözünü yumub çarpayıda uzanmışdı. Doktor yaxınlaşıb Nərminənin başını sığalladı:
– Çox sağ ol, Nərminə, sən yaxşı bacısan.
Nərminə gözlərini açıb soruşdu:
– O sağalacaq?
– Əlbəttə, söz verirəm.
– Bəs mən nə vaxt öləcəyəm?
Aygün bu sözləri tərcümə edəndə Allen Maksvel özünü itirdi.
– Sən niyə ölməlisən ki?
– Axı siz mənim qanımı aldınız.
– Nərminə, biz sənin qanının az bir hissəsini aldıq. Bundan heç nə olmur. Belə şeydən adam ölmür.
Sonra qızcığaza baxıb soruşdu:
– Öləcəyini düşünürdünsə, niyə qanını verməyə razı oldun?
– Axı o mənim bacımdır...
Maksvel heyranlıqla başını bulayıb Aygünə dedi:
– Neçə ölkədə işləmişəm. Sizin insanlardakı altruizmə heç yerdə rast gəlməmişəm.
31.05.2021