Şeirlər

Tofiq Mahmud. Atasını sevən qız

Ata işə gedəndə

Dalınca qaçır Süsən.

Ata işdən gələndə

Qapını açır Süsən.

Ata götürüb yerdən

Göyə qaldırır onu.

Qucaqlayır, o, şən-şən

Atasının boynunu.

Atası dincələndə

Otağa səssiz girir,

Atası işləyəndə

Ona çay da gətirir.

İstirahət günləri

Şəhərə çıxır onlar,

Gəzib bütün şəhəri

Hər yerə baxır onlar.

Atasız qalan zaman

Kədərlənir o şən qız.

Ayrılmır atasından

Atasını sevən qız!