Şeirlər

Əli Kərim. Qaytar ana borcunu

Bir gözəl, bir sevimli oğul böyütdü ana.
O bəd, uğursuz günü – ərinin öldüyünü
Bildirmədi heç ona.
Kədəri dalğa-dalğa doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə, bəlasına,
Öz boğazından kəsib yedirdi balasına…
Bir oğul böyütdü ki, gur, çatma qaş, gensinə.
Bir oğul böyütdü ki, oğul deyirəm sənə...

 

Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
Oğul instituta qızıl medalla girdi.
Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”

Ana yuxularında tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
Məktubları kəsildi, gəlmədi tətil oldu.
Ananı fikir aldı, ananın əsdi dizi,
Ana müqəssir etdi tramvayı, dənizi.
O yenə dözdü, durdu… O yolmadı saçını,
Səslədi qonşuları Əsmər, Çiçək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi,
Onlar oğul vermədi, onlar təsəlli verdi.
Məktub məktub dalınca axdı, Bakıya axdı,
Ana da məktubların dalınca baxdı, baxdı…
Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
Məktublar əzik-üzük, məktublar bezdi gəldi.
Ana yenə də baxdı gah dolama yollara,
Gah da oğul boyuna həsrət qalan qollara.


Ana oğul böyütdü gur, çatma qaş, gensinə,
Ana oğul böyütdü, özgəyə qismət oldu.
Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
...Ana bilsəydi əgər, böyütməzdi oğlunu,
Yox, bunu yandım dedim, yenə atmazdı onu.
Bir gözəl, bir sevimli oğul böyütdü ana,
Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
Oğul! Nədir etdiyin bəs bu haqq-say üçün?
Qaytar onun ömrünə neçə gecə, neçə gün!
Qaytar onun saçının qaralığını geri.
Qaytar o dilindəki şirin-şirin sözləri!
O sözü, o söhbəti, gülüşü anan verib
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən oğul, ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
Qaytarsan o yerişi, yerindəcə qalarsan.
Qaytarsan o gülüşü, hırıldamazsan daha.
Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!

 

Sən ki dərd verdin, oğul, sənə gülüş verənə,
Oğul demərəm sənə!
Deyirəm ki, o boyu, buxunu qaytar geri!
Deyirəm ki, varını, yoxunu qaytar geri!
Qaytar onun borcunu,
Gülüşünü, adını, sözünü qaytar geri!
Qaytar ana borcunu,
O borc sənin özünsən, özünü qaytar geri!