Şeirlər

Elşən Səfərov. Bacı

Qardaşa, anadan xəzinə,paydı
Könüldə açılan,çiçəkdir, bacı
O, isti günəşdi, işıqlı aydı
Hər evdə çırağdı,bəzəkdi, bacı.

 


Dərdimə,məndən çox ağlayan odu
Tər-təmiz bulağdı, o şəffaf sudu
Dərdlərim gizlənir, gələndə adı
Dərdimi qorxudan, fələkdir, bacı.

 


Uşaq tək nazımı, çəksə yorulmaz
O elə zəncirdi,möhkəm, qırılmaz
Onun tək nə bir dost,nə bir yar olmaz
Köksümdə döyünən,ürəkdir, bacı.

 


Bəlkə də incitdim,küsə bilmədi
Duasın üstümdən,kəsə bilmədi
Bir, özgə tərəfə,əsə bilmədi
Dərdimi sovuran,küləkdir, bacı.

 


Üzülsəm, gecələr heç yata bilməz
Gözümdə qəm görsə,üzü də gülməz
Gözüylə danışar,dili də dinməz
Gözündən nur saçan,mələkdir, bacı.

 


Ərköyün böyüdük,qayğıdan uzaq
Bacılar,hər zaman tüstüsüz ocaq
Qardaşlar bacıya hünərdi,ancaq,
Bacının özünə,gərəkdir, bacı.