Sevinc Nuruqızı. İşıqfor
Yatmaq istədi
Bir gün işıqfor.
Dedi: - Yatmasam,
Olacağam kor.
Gözlərin yumub
Xoruldadı o.
Nə işıq saçdı,
Parıldadı o.
Yuxusu yaman
Şipşirin idi.
Külək əsirdi
Çox sərin idi.
Qəfildən yuxu
Gördü işıqfor.
Gördü ki, dolub
Maşınlarla yol.
Maşınlar ona
Deyirlər laylay.
Göydən onlara
Yol göstərir ay.
Gah yaşıl olur,
Gah da qırmızı.
Maşınlar aydan
Qalıblar razı.
Şütüyüb ötür
Onlar həvəslə.
Nəğmə deyirlər
Çox hündür səslə:
-Yat, işıqfor, yat
Gözəldir həyat.
Açıqdır yollar
Səmada ay var.
Aydan bizlərə
İşıqlı pay var.
Səksənib durdu
Bu an işıqfor.
Gördü ki, dolub
Maşınlarla yol.
Yandı gözləri
Yaşıl, qırmızı.
Maşınlar ondan
Qaldılar razı.
09.04.2021