İnsansevərlik
Bu hadisə bir neçə il əvvəl Amerikanın Vaşinqton ştatındakı Sietl şəhərində keçirilən idman yarışında baş vermişdir. Doqquz əlil idmançı qaçış zolağında hazır vəziyyətdə durmuşdu. Nəhayət, “START” atəşi açıldı. İdmançılar məsafənin üçdə birini qət etdilər. Qəflətən idmançılardan biri yerə yıxıldı, ağrıdan ilan kimi qıvrılmağa başladı. Digər səkkiz idmançı onun yerə yıxıldığını görüb qaçışı dayandırdılar.
Onlardan biri, daun sindromundan əziyyət çəkən idmançı qız ona yaxınlaşıb başını doğma ana kimi qucaqlayaraq soruşdu:
— İndi yaxşısan? Özünü necə hiss edirsən?
Başqa idmançılar da yaxınlaşdılar, hamılıqla çiyin-çiyinə verərək birlikdə “FİNİŞ” xəttinə doğru irəlilədilər. Bu səhnənin canlı şahidi olan minlərlə tamaşaçı ayağa qalxaraq göz yaşları içində əlil idmançıları bir xeyli alqışladılar. Yarış sona çatdı. Onlar şahidi olduqları bu hadisəni başqalarına da danışdılar. Bilirsənmi nə üçün? Çünki hər birimizin daxilində digər hissləri üstələyən başqa bir hiss də var. Bu, İNSANSEVƏRLİK hissidir!
06.04.2021