Nağıllar, hekayələr

Ayı və qarışqa

Ayı bulaqdan doyunca su içib kənarda oturdu. Donquldanıb dedi:

 

— Ay canım, nə yeyim?

 

Birdən balaca bir qarışqa görüb sevindi.

 

— Hə, səni yeyəcəyəm!

 

Qarışqa qorxdu, tez qızılı yarpağın arasında gizləndi. Ayı yarpağı qaldırıb qarışqanı götürdü.

 

Qarışqa soruşdu:

 

— Məni nə üçün yemək istəyirsən?

 

— Səni də, bütün ailəni də yeyəcəyəm. Bilmirsən ayılar qarışqa yeməyi xoşlayırlar? Sizin nəslinizi kəsəcəyəm.

 

Qarışqa yalvardı:

 

— Dayan, dayan, gör nə deyirəm? Məni burax, axırıncı dəfə qardaşlarıma su aparım, sonra qayıdaram, yeyərsən.

 

— Sən gedib qayıdana qədər dözə bilmərəm. Elə indi yeyəcəyəm.

 

— Yemə, yemə. Bunun əvəzində sənə dəyərli məsləhət verərəm.

 

— Hə, yaxşı, de görək.

 

Yaçıq qarışqa deməyə söz tapmayıb:

 

— Bir parasını ye, ikinci parasını qış üçün saxla, — dedi.

 

— Hə, yaxşı məsləhətdir.

 

Ayı qarışqanı ağzına qoyub uddu.

 

Qarışqalar çox gözlədilər. Su ardınca gedən Qara qarışqa qayıtmadı. Balaca cığırla təpəyə qalxıb yola baxdılar.

 

Bəs bizim qardaşımız niyə gəlib çıxmadı? Bəlkə, batıb?

 

— Yox! Onu ayı yeyib, — deyə qarğa qarışqalara xəbər verdi.

 

Bütün qarışqalar ayının mağarasına tərəf getdilər... Mağaranın ağzında yeri altdan qazmağa başladılar. Köstəbək böyürdən çıxıb dedi:

 

— Siz nə edirsiniz?

 

— Ayı üçün quyu qazırıq.

 

— Mən də sizə kömək edərəm. Keçən il iki balamı yeyib, ondan intiqamımı almaq üçün fürsət axtarırdım.

 

Qarışqalar və köstəbək üç gün, üç gecə yeri qazmağa başladılar. Ayının isə bundan xəbəri yox idi.

 

Bir gün ayı kefi kök öz mağarasına qayıdırdı... Gecə idi. Ayı ay işığında oynamağa başladı. O qədər atılıb-düşdü ki, quyunun üstündəki torpaq davam gətirməyib dağıldı. Ayı guppultu ilə quyuya düşdü. Qarışqalar ayıdan belə intiqam aldılar.