Nağıllar, hekayələr

Nanay xalq nağılı. Ayoqa

Bir kənddə Ayoqa adlı gözəl qız yaşayırdı. O, gözəlliyi ilə fəxr edirdi. Bütün günü gözünü güzgüdən çəkmirdi. Lap tənbəl olmuşdu.


Bir dəfə anası ona dedi:


– Ayoqa, get, çaydan su gətir!


Ayoqa cavab verdi:


– Suya yıxılaram.


– Koldan yapışarsan.


– Kol əlimi cızar.


– Əlcək geyinərsən.


– Əlcək cırılar.


– İynə ilə tikərsən.


– İynə əlimə batar.

 

Qonşu qız bu söhbəti eşitdi. Gedib su gətirdi. Ana xəmir yoğurub çörək bişirdi.


Ayoqa dedi:


– Mənə çörək ver, ana!


– Çörək istidir, əlini yandırar.


– Əlcək geyinərəm.


– Əlcəyi də yandırar.


– İynə ilə tikərəm.


– İynə əlinə batar.


Sonra anası dedi:


– Bilirsən nə var? Gəl sən əziyyət çəkmə. Əllərini də korlama. Çörəyi isə mən qonşu qıza verərəm. O, əllərini korlamaqdan qorxmur.

 

Ayoqa əsəbləşib çay kənarına getdi. Suda öz əksinə tamaşa edəndə qonşu qızının ləzzətlə isti çörəyi yediyini görüb daha da əsəbləşdi. Özünü saxlaya bilməyib, çaya yıxıldı. Çaya düşən kimi gözəl bir quşa çevrildi.

 

İndi uçur və yalnızca öz adını təkrarlayır:

 

Ay-oqa-qa-qa!