Nağıllar, hekayələr

Gülarə Münis. Nar dənəsi

Qoca nar ağacı çox narahat idi. Düşmənin zirehli maşını daş hasarı vurub uçurandan sonra ağacı qüssə almışdı. Həmişə onu suvaran, qayğısını çəkən sahibini namərdlər öz evindən didərgin salmışdılar.

 

Zaman kişi nar ağaclarını çox sevərdi. O, həmişə deyərdi ki, nar birlik, möhkəmlik rəmzidir. Nar vüqarlı meyvədir, çürüyəndə də ağacın başında qalır. Nar ağacı məğrurdur. O ağaca heç kim çıxa bilmir, onu ayaqlaya bilmir.

 

Zaman kişi həyətdə müxtəlif növ nar ağacları əkmişdi. O, elindənobasından didərgin düşəndə cavan nar zoğlarını çıxarıb özü ilə apardı, amma qoca ağacı aparmaq mümkün olmadı. Zaman kişi ağacla vidalaşıb ona iki kəlmə söz dedi: “Məni bağışla!”

 

Nar ağacı o vaxt bu sözlərin mənasını başa düşməmişdi. İndi narların yetişən vaxtı daş hasar söküləndə ağac ətrafda baş verənləri gördü. Meyvə ağaclarının çoxu böyrü üstə düşmüş, meyvələr ətrafa səpələnmişdi. Birdən “dəmir əjdaha”nın zəhmli səsi eşidildi. O, nar ağacına tərəf gəlirdi. Ağacın ürəyi əsdi, o, var gücü ilə qışqırdı: “Hara gəlirsən? Axı hələ yetişən narları dərməyiblər, mənim balalarımı məhv eləmə!”

 

Onun səsini eşidən olmadı. “Dəmir əjdaha” ağacın üzərindən keçib narları əzdi. Ağac “qanına qəltan” oldu. Zirehli maşının nəhəng təkərləri də “nahaq qana” bulandı. Qıpqırmızı, iri bir nar diyirlənib yolun ortasına düşdü. Paralanan narın bir dənəsi kənara sıçradı. Nar dənəsi mərcan kimi parlayırdı. O, parçalanan “ana”sına baxdı və ona tərəf can atdı. Qolu-budağı qırılmış nar ağacı əzilən narlara baxdıqca ürəyi qana dönürdü. O, nar dənəsini görəndə dözə bilmədi. Ağac qırılmış budağını nar dənəsinə tərəf uzatdı.

 

Nar dənəsi də budağa tərəf boylandı. Amma budaq nar dənəsinə yetişə bilmədi. Nar dənəsi yetim uşaq kimi kimsəsiz, köməksiz qalmışdı. Onun “qırmızı gözləri” yaşla dolmuşdu. Ətrafa baxanda onu vahimə bürüyürdü. O, əzilən narlara, qırılan ağaclara baxıb dərindən ah çəkdi. Nar dənəsi fikirləşdi ki, uzun illərin zəhməti nəticəsində ərsəyə gələn ağacları bir anda məhv edən zalımlar canlı insanları da belə soyuqqanlılıqla məhv edərlər.

 

Nar dənəsi qüssədən büzüşüb kiçildi, balacalaşıb torpağın içində görünməz oldu.

 

Kim bilir, bəlkə, bu nar dənəsi bir vaxt cücərib böyük, qollu-budaqlı bir ağac olacaq. Onda düşmənlər biləcəklər ki, heç nəyi, heç kimi məhv etməklə onun nəslini, kökünü kəsmək olmaz!

 


Bəzən balaca bir qığılcımdan böyük bir məşəl yaranır!