Nağıllar, hekayələr

Cığal sərçə

Biri var idi, biri yox idi, Cik-cik xanım adında bir cığal sərçə vardı. Bir gün bu Cik-cik xanım qaratikan çəpərinin üstə qonub tikandan-tikana atılırdı. Qarı nənə də həyətdə təndir qalamışdı. Birdən Cik-cik xanımın ayağına bir tikan batdı, başladı ağlamağa. Qarı tikanı sərçənin ayağından çıxarıb atdı təndirə. Az keçmiş Cik-cik xanım bir o yana, bir bu yana uçub dedi:

 

– Qarı nənə, mənim tikanımı qaytar özümə.

 

– Haradan alım? Atdım təndirə, yandı.

 

– Bilmirəm, tikanımı verməsən, çörəyini götürüb qaçacağam.

 

Qarı qaldı mat-məəttəl. Cik-cik xanım da o yana uçdu, bu yana uçdu, qarının bir çörəyini götürüb aradan çıxdı.

 

Göylə uçurdu, gördü bir çoban qoyun sağır. Qondu yerə, çobana yaxınlaşıb dedi:

 

– Çoban qardaş! Sənə isti çörək gətirmişəm, doğra südə, ye.

 

Çoban sevincək çörəyi aldı. Elə ki çörəyi yeyib qurtardı, Cik-cik xanım ona dedi:

 

– Hə, çoban qardaş, indi çörəyimi ver, mən gedim.

 

– Çörəyi haradan alım, yedim, qurtardı.

 

– Mənə nə! Çörəyimi ver, yoxsa qoyununu aparacağam.

 

Cik-cik xanım qanad çalıb havaya qalxdı, kök bir qoyunu caynağına vurub apardı. Çoban onun dalınca düşdü, amma çata bilmədi.

 

Cik-cik xanım caynağında qoyun özünü yetirdi padşahın sarayına. Gördü burda toydur. Qoyunu verdi qulluqçulara. Qulluqçular qoyunu kəsib yaxşı bozbaş bişirdilər, gətirib qonaqlara payladılar. Cik-cik xanıma yemək çatmadı. O da acığa düşüb padşaha dedi:

 

– Qoyunumu yediniz. Mən də əvəzində gəlini götürüb qaçacağam. Bunu deyib Cik-cik xanım gəlinin üstünə şığıdı. Onu caynağına alıb havaya qalxdı.

 

Cik-cik xanım caynağında gəlin uçurdu. Bir ağaclıqdan saz səsi eşidib yerə endi. Gördü bir aşıq ağac kölgəsində oturub saz çalır. Dedi:

 

– Salam, aşıq qardaş! Gəl mən gəlinimi sənə verim, sən də sazını ver mənə.

 

Aşıq gəlini götürüb getdi.


Cik-cik xanım da sazı alıb oturdu ağacın kölgəsində, başladı yavaşyavaş dınqıldatmağa:

 

Tikan verdim, çörək aldım,

Sazım dınqır, dınqır, dınqır.

Çörək verdim, qoyun aldım,

Sazım dınqır, dınqır, dınqır.

Qoyun verdim, gəlin aldım,

Sazım dınqır, dınqır, dınqır.

Gəlin verdim, bir saz aldım,

Sazım dınqır, dınqır, dınqır.