Anatoli Kuznetsov. Ağac
Bir ağac var idi. O, hələ çox balaca idi, cəmisi iki yaşı vardı.
Ağacın yanından bir oğlan keçirdi, bir yarpaq qoparıb yerə atdı. Sonra fikirləşdi: “Bu yarpağı niyə qopartdım?.. Eh, nə olsun. Bir yarpaqla heç nə olmaz. Ağacın gör nə qədər yarpağı var”.
Bu vaxt başqa bir oğlan buradan keçirdi, ağacın budağını sındırdı və fikirləşdi: “Bir budaqla nə olacaq? Ağacın budağı çoxdur”.
Bir qız da əlində top buradan keçirdi, topu yuxarı atdı, top ağaca dəydi və onun ucunu sındırdı. Qız pərt oldu: “Gör nə pis iş oldu. Eh, eybi yoxdur. Təzəsi boy atar”.
Ağacın yanından bir keçi keçirdi. Keçi ağacın qabığından bir az gəmirdi.
Əlində bıçaq olan oğlan bıçağını sınamaq istədi. Bir budaq kəsdi. Bıçaq iti idi.
Ağac qurudu.
Ağacı əkən uşaqlar gəlib çıxdılar və dedilər:
– Burada ağac bitmək istəmir, yəqin, bizim torpağımız pisdir.
15.02.2021