Nağıllar, hekayələr

Rafiq İsmayılov. Peşələr necə yaranıb

Qədim zamanlarda insanlar indiki kimi yaşamırdılar. Onlar təbiətdəki nemətlərlə kifayətlənirdilər. Ovçular vəhşi heyvanları ovlayır, qadınlar meşədə, çəməndə bitən yeməli otlar, meyvələr yığırdılar. Onlar, əsasən, mağaralarda yaşayırdılar.

 

Sonra insanlar özlərinə taxtadan, daşdan evlər tikməyə başladılar. Qamış və taxtadan sadə mebellər, parçadan paltar, dəridən ayaqqabı, xəzdən kürk düzəltməyi öyrəndilər. Torpağı şumlayıb taxıl əkməyə, buğdadan un üyüdüb çörək bişirməyə başladılar.

 

Əvvəllər hər bir ailə ona lazım olan bütün işləri özü görürdü. Lakin sonra onlar öz aralarında bu işləri bölüşdürdülər. Hərkəs daha yaxşı bacardığı bir işi görürdü. Dəmirçilər dəmiri döyməklə müxtəlif alət və əşyalar hazırlayır, dərzilər paltar  tikir, dulusçular dolça düzəldirdilər. Sonra məhsullarını bir-biri ilə dəyişirdilər.

 

Müəyyən bir işi görən sənətkarlar çoxlu əşya hazırlayır, onları bazarda sataraq pul əldə edirdilər. Bu pula başqa sənət karların hazırladığı əşya və ərzaqları alırdılar.

 

Beləliklə, peşələr, sənətlər və sənətkarlar yarandı.