Nağıllar, hekayələr

R. Soltanqızı. Qərənfil

Əli baba istixanada yetişdirdiyi qərənfillərə baxırdı. Afaq babasına yaxınlaşıb soruşdu:

 

– Baba, bu qərənfilləri neyləyəcəksən, satacaqsan?

 

Baba gülümsündü:

 

– Yox, mənim balam, bu gülləri şəhidlərimiz üçün yetişdirirəm. Hər bir kəs vətəni üçün nəsə etməlidir. Şəhidlər vətəni qorumaq üçün canlarından keçiblər.

 

Mənim də gücüm buna çatır.


– Baba, olar mən də sənə kömək edim?

 

– Əlbəttə balam, olar, amma, ləklərin arası ilə keçəndə ehtiyatlı ol, onları əzmə.

 

Afaq hər gün istixanaya gəlir, babasına kömək edirdi. O, qərənfil kollarının çiçək açacağını səbirsizliklə gözləyirdi.

 

Bir gün Afaq yuxudan ayılan kimi yenə də istixanaya qaçdı. Qönçə qərənfillər artıq açılmışdı. Baba onları bir-bir dərib, qutulara yığırdı. Afaq da ona kömək etdi.