Görkəmli şəxsiyyətlər

Armin Vamberi. Orta Asiyaya səyahət

Armin Vamberi (1832-1913) - Görkəmli macar əsilli səyyah, şərqşünas, türkoloq, Avropa universitetləri tarixində ilk türkologiya kafedrasının qurucusu olub. Vamberi haqqında indiyə qədər müxtəlif dillərdə onlarla kitab, yüzlərlə məqalə yazılmışdır. Lakin alimin həyat yolu və elmi yaradıcılığına ən yaxşı işıq saçan əsər onun özü tərəfindən qələmə alınmışdır. Bu, 1883-cü ildə çapdan çıxan “Arminius Vamberinin öz təsvirində həyatı və macəraları” avtobioqrafik povestidir. Kitabın böyük oxucu marağı doğurduğunu görən müəllif onu yenidən işləyib təkmilləşdirərək 1904-cü ildə “Mənim həyatım” (orijinalı “The struggle of my life”) adı altında yenidən çap etdirmişdi.

 

“Macar alimi” kimi tanınan Armin Vamberi milliyyətcə yəhudi idi. Lev Nippelbaum – Məhəmməd Əsəd bəy  – Qurban Səidin qeyri-adi həyatından bəhs edən “Şərqşünas: Qəribə və təhlükəli ömrün sirlərini açmaq cəhdi”  kitabının müəllifi Tom Reisin yazdığına görə onun əsl adı və soyadı Herman Vamberger olmuşdu. Vamberi macarların türk kökənli xalq, macar dilinin isə türk mənşəli dil olması ilə bağlı dünya elm tarixində özünə yer alan və bu gün də mübahisə predmeti kimi gündəlikdə qalan hipotezanın müəllifidir.

 

Vamberi macəralarla dolu ömür yaşamışdı. O, başqa ölkələrin dillərini öyrənmək üçün heyrətləndirici bir qabiliyyətə, çox məqsədyönlü və sərgüzəştli bir xarakterə sahib idi. Vamberi Asiyaya iki səyahət etdi. Birincisi, Türkiyə sərhədlərindən kənara çıxmadı. 20 yaşında Macar dilinin mənşəyini və türk dilləri ilə əlaqəsini tapmaq üçün Türkiyəyə (Konstantinopol) gəldi. Bu ölkədə keçirdiyi dörd il ərzində (1857-1860) İslamı qəbul edərək, ölkənin dilini və adətlərini öyrəndi. Qısa müddətdə Vamberi türk dilini incəliklərinə qədər mənimsəmişdi. Osmanlı Türkiyəsinə və həmin dövrdə hələ dünyaya qapalı qalan Orta Asiyanın türk xanlıqlarına səyahətləri, ən başlıcası isə həmin səyahətlərin nəticəsi kimi meydana çıxan kitablar Vamberinin adını Qərbin təkcə elm mərkəzlərində deyil, ictimai-siyasi dairələrində də məşhurlaşdırmışdı. 1862-ci ilin mart ayında Türkiyənin Trabzon şəhərinə gələn Armin Vamberi karvan yolu ilə Ərzurum, Təbriz və Qəzvindən keçərək İranın paytaxtı Tehrana yetişmişdi. Tehranda qaldığı bir ilə yaxın müddət ərzində o, özbək, qazax, türkmən və tatar dillərini mənimsəmişdi. Özünü fiziki cəhətdən çətin səyahətə hazırlamışdı. Bir parça quru çörək və bir bardaq su ilə keçinməyi, quru yerdə yatmağı, at çapmağı, dəvə sürməyi öyrənmişdi. Adamlarla asanlıqla ünsiyyətə girməyi, az bir vaxtda onların inam və etimadını qazanmağı bacarırdı.

 

Şərqşünaslıq elminə gətirdiyi yeniliklərə və risk dərəcəsinə görə macar aliminin Orta Asiya səfəri Çin basqısı altındakı Şərqi Türküstanı tacir (dərviş) qiyafəsində gəzib-dolaşan və bu qədim türk yurdunu dünyaya tanıdan qazax maarifçisi Çokan Vəlixanovun (1830-1865) elmi rəşadəti ilə müqayisə oluna bilər.

 

Budapeştə qayıtdıqdan sonra o, Peşt Universitetində Şərq dilləri professoru vəzifəsini tutmaq üçün baş vurmuşdu. Professor vəzifəsinə Avstriya-Macarıstan imperatoru Frans İosif təyin edirdi. Vamberinin səyahəti barəsində ətraflı məlumat alan imperator “Siz çox əzab çəkmisiniz və bu adı daşımaq haqqını qazanmısınız” sözləri  ilə onun  təyinat sənədini imzalamışdı. Peşt universiteti katolik ali təhsil müəssisəsi idi. Armin Vamberi bu universitetdə professor vəzifəsi tutan ilk yəhudi olmuşdu.

 

1867-ci ildə Vamberi Leypsiqdə, alman dilində bu gün də elmi əhəmiyyətini itirməyən “Çağatay dilindən istifadə qaydaları” kitabını nəşr etdirmişdi. Əsər üç hissədən – tarixi oçerk, mətnlər və lüğətdən ibarət idi. Birinci qisimdə çağatay dilinin qrammatik oçerki yer almışdı. Mətnlər hissəsində “Tahir və Zöhrə”, “Yusif və Əhməd”, “Huriliqa və Həmra” kimi özbək xalq dastanları verilmişdi. Kitabda eyni zamanda 132 özbək xalq nağılının orijinal mətni və alman dilinə tərcüməsi, habelə Nəvai, Nəsimi və Füzuli qəzəllərindən nümunələr toplanmışdı.

 

“Orta Asiya oçerkləri” kitabı (1868) “Orta Asiyaya səyahət”in davamı kimi düşünülmüşdü. Vamberi bu əsərində tarix, coğrafiya, iqtisadiyyat və siyasətlə bir sırada ədəbiyyat və mədəniyyət məsələlərinə də geniş yer vermişdi. Kitabda Nizami, Nəvai, Füzuli, Məşrəbi kimi Şərq şairlərinin yaradıcılığından geniş söz açmış, onların əsərlərindən ayrı-ayrı nümunələr macar dilində verilmişdi.

 

“Buxara, yaxud Transaksoniya tarixi” (1873) Vamberi – tarixçinin mühüm əsərlərindən sayılır. Burada müxtəlif əcnəbi dillərdəki məxəz və materiallar, eləcə də avropalılara məlum olmayan əlyazmalar əsasında ən qədim dövrlərdən XIX əsrin ortalarına qədər Buxara tarixi təfərrüatlı şəkildə tədqiq olunmuşdur.

 

Alimin türkologiya sahəsindəki mühüm xidmətlərindən biri də şair və filosof Yusif Has Hacib Balasaqunlunun (1021-1075) əski türk ədəbiyyatının diqqətəlayiq nümunələrindən sayılan “Kutadqu bilik” kitabını nəşrə hazırlamasıdır.

 

O, Şərqə, türk dünyasına həqiqətən də bağlı idi. Hətta yeganə övladına Rüstəm adı vermişdi.

 

Vamperi uşaq yaşlarında aldığı zədə nəticəsində ömürlük şikəst qalmasına və sol ayağını çəkməsinə baxmayaraq, doğulduğu Esterqom (Pressburq) şəhəri yaxınlığındakı kiçik qəsəbədən dünya hüdudlarına çıxmağı bacarmışdı. Aradan onilliklər keçdikdən sonra o, tarixdə siyasi simpatiya və antipatiyaları ilə deyil, bəşər sivilizasiyasının qədim mərkəzlərindən biri olan regionun – Orta Asiyanın tarix və mədəniyyətinə həsr olunmuş dəyərli tədqiqat əsərləri, zəngin elmi fikir və ideyaları ilə qalmışdır.

 

Vamperi 80 il ömür sürüb.