Şeirlər

Əbülfəz Naxçıvanlı. Şəhidlər Xiyabanı

Sinə gərib dünyanın
Payızına, qışına,
Həmişə qərq olubdur
Gül-çiçək yağışına
Şəhidlər xiyabanı.

 

 

 

Məmməd Əmin amalı,
Əhməd Cavad şeiridir.
Vətəni sevənlərin
Əbədi and yeridir
Şəhidlər xiyabanı.

 

Məzarlar doğma, yaxın,
Məzarlar yan-yanadır.
Övladlarına ağı
Deyən müdrik anadır
Şəhidlər xiyabanı.

 

Yurduma göz dikənə
Etirazımdır mənim,
Heç zaman pozulmayan
Alın yazımdır mənim
Şəhidlər xiyabanı.