Rafiq Yusifoğlu. Rənglərin anası
Necə oldusa, uşaqlar arasında rənglərdən söhbət düşdü. Biri yaşılı, digəri mavini, o birisi qırmızını təriflədi. Sarını, göyü bəyənənlər də az olmadı. Nə isə… Mübahisə çox uzandı. Nəhayət, uşaqlar qoca bağbanın yanına getdilər.
– Baba, ən yaxşı rəng hansıdır? – deyə ondan soruşdular.
Bağban fikrə getdi. Nəhayət, sözə başladı:
– Balalarım, hər rəngin öz yeri, öz gözəlliyi var. Ancaq mənə qalsa, rənglərin ən gözəli qaradır.
Uşaqlar təəccübləndilər:
– Necə, necə?
Baba gülümsündü:
– Bu qara torpağı görürsünüzmü? Onun sehrli köksündə nə rəngdə istəsən gül-çiçək bitir. Elə buna görə də qara bütün rənglərin anasıdır.
29.12.2020