Bağban və oğulları
Bir bağbanın üç oğlu var idi. Bağban nə qədər çalışırdısa, oğlanlarını zəhmətə alışdıra bilmirdi. Özü də nə vaxt idi ki, xəstələnmişdi. Ona görə də bağı əkib-becərən yox idi. Uşaqlar bağa yaxın durmurdular.
Bir gün bağban övladlarını çağırıb dedi:
– Mən bu bağı sizə vəsiyyət edirəm.
Oğlanlar üz-gözlərini turşutdular. Bağban sözünə davam etdi:
– Bu bağda bir dəfinə basdırılıb. Ancaq bağın harasında olduğunu deməyəcəyəm. Özünüz qazıb taparsınız.
Bunu deyib bağban dünyadan köçdü.
Yaz yenicə girmişdi. Oğlanların hərəsi əlinə bir bel alıb bağın altını üstünə çevirdi. Bağ büsbütün şumlandı, amma dəfinə tapılmadı. Onlar kor-peşman evə döndülər.
Həmin il bağ üçqat artıq bar verdi. Qardaşlar bağın meyvəsini satıb çoxlu var-dövlət əldə etdilər. O vaxtdan onlar hər yaz torpağı şumlamağa, ağacların dibini yumşaltmağa başladılar.
25.12.2020