Nağıllar, hekayələr

Az danış, çox iş gör

Bir gün bir nəfər yolla gedirdi. Onun yolunun üstündə bir böyük daş var idi. Yolçu ucadan qışqırdı:

 

– Ey daş, çəkil yolumdan, sən mənə mane olursan!

 

Daş yerindən tərpənmədi. Yolçu daşa nə qədər dil tökdüsə, daş yerindən tərpənmədi ki, tərpənmədi.

 

Bu zaman bir atlı ora yaxınlaşdı. Yolçu ona dedi:

 

– Qardaş, nə olar, mənə kömək elə. Bu daşı yolumun üstündən götür.

 

Atlı atdan düşdü. Daşı yoğun kəndirlə sarıdı. Kəndiri atın boynuna bağlayıb atı sürdü. Daş yolun kənarına düşdü.

 

Yolçu dedi:

 

– Görürsən? Deyirlər ki, dünyada sözdən güclü heç nə yoxdur. Bayaqdan daşa dağdan ağır sözlər deyirəm. Onun isə heç vecinə də deyil.

 

– Elədir, – deyə atlı cavab verdi. – Ancaq gərək sözün də dəyərini biləsən. Hərdən boş-boş danışmaqdansa, işə keçmək lazımdır.