Nağıllar, hekayələr

Gülşən Orucova. Üç bacı

Ana qızları ilə bazara getmişdi. Onlar bir dükanın qarşısında dayandılar. Ana dedi:

 

– Saçımı daramağa bir daraq alım.

 

Qızlar tez dilləndilər:

 

– Üç balaca daraq da bizə al.

 

Ana dedi:

 

– Darağımı, güzgümü qoymağa bir çanta alım.

 

Qızlar dedilər:

 

– Üç dənə balacasını da bizə al.

 

Ana dedi:

 

– Döşəməni silməyə bir şotka alım.

 

Qızların heç birindən səs çıxmadı.