Reyhan Yusifqızı. Xoşbəxtlik nədir
Ramin alnını pəncərənin soyuq şüşəsinə söykəyib həyətə baxırdı. Meydançada səs-küylə oynayan, sevinclə topun ardınca qaçan uşaqların yanaqları qıpqırmızı olmuşdu. Raminin isə solğun üzündə, gözlərində kədər vardı.
Otağın qapısı açıldı. İçəri daxil olan anası, həmişəki kimi, onun başını sığalladı, üzündən öpüb dedi:
– Pəncərənin qabağında çox oturma, soyuq olar.
Anası stolun üstünü səliqəyə saldı. Əyilib yumşaq başmaqları Raminin ayaqlarına geyindirdi. Qoltuq ağaclarını ona verərək yazı masasının arxasına keçməyə kömək etdi…
Məktəblər arasında bilik yarışması keçirilirdi. Ramin də bu yarışmada iştirak edirdi. Onların komandası final mərhələsinə kimi gəlib çatmışdı. İndi finala ciddi hazırlıq gedirdi. Deyilənə görə, final yarışı televiziya ilə birbaşa yayımlanacaqdı.
Məktəbin direktoru və müəllimlər neçə gün idi ki, komandanın tərkibini müəyyənləşdirir, hər bir iştirakçının imkanlarını müzakirə edirdilər. Əli müəllim komandanın tərkibinə Raminin də salınmasında israr edirdi:
– Ramin çox mütaliə edir. Savadlı oğlandır. Məntiqi düşüncəsinə də söz ola bilməz.
Direktor isə tərəddüd edirdi:
– Bilirəm, Əli müəllim. Amma bizə bu yarışda diribaş uşaqlar lazımdır. Ramin isə çox sakitdir, elə bil özünə inamı yoxdur. Bildiyini də deməyə çəkinir.
– Amma keçən yarışlar göstərdi ki, Ramin komandaya lazımdır. Ertəsi gün məktəbin akt zalında komandanın tərkibi elan edildi.
Öz adını eşidəndə Raminin sevincinin həddi-hüdudu yox idi. Sinif yoldaşları onun başına toplaşdılar:
– Ramin, bizim sinifdən təkcə sənsən ha! Özünü göstər!
…Yarış çox gərgin keçirdi. Heç bir komanda irəli çıxa bilmirdi. Komandaların xalları bərabərləşmişdi. İndi hər şey sonuncu sualdan asılı idi. Hamı içini çəkib intizarla gözləyirdi. Nəhayət, səhnəyə üç yeşik gətirildi. Aparıcı bildirdi ki, yeşiklərin hər birində bir top var. Amma bu toplar müxtəlif rəngdədir: qırmızı, göy və yaşıl. Sonra aparıcı yeşikləri iştirakçılara göstərdi. Birinci yeşik qırmızı, ikinci yaşıl, üçüncü yeşik isə yarısı qırmızı, yarısı göy rəngdə idi. Aparıcı aramla sualı səsləndirdi:
– Yeşiklərin rəngləri oradakı topların rənglərinə uyğun deyil. İndi deyin görüm, hansı top hansı yeşikdədir?
Raminin ürəyi çırpındı. Onun barmağı “cavab hazırdır” düyməsində idi. Ancaq düyməni basmağa ürək eləmirdi. Nəhayət, o, həyəcanını boğub düyməni basdı. Aparıcı sözü ona verdi. Bir anda hamının nəzərləri ona zilləndi. Ramin aydın səslə, aram-aram sualın cavabını söylədi:
– Qırmızı və göy rəngli yeşikdəki yaşıl topdur. Qırmızı yeşikdəki göy top, yaşıl yeşikdəki isə qırmızı topdur.
Araya sükut çökdü. Hamı aparıcının qərarını gözləyirdi. “Bu, ... düzgün cavabdır” sözləri səslənər-səslənməz alqış sədaları zalı bürüdü. Azarkeşlər əl çalır, “Ramin! Afərin!” – deyə qışqırırdılar.
Aparıcı Raminə yaxınlaşaraq mikrofonu ona tərəf tutdu:
– Həlledici balı komandaya siz qazandırdınız! Tamaşaçılarımıza nə deyə bilərsiniz?
– Mən… Mən çox xoşbəxtəm!
14.12.2020