Kim daha vacibdir?
Bir gün iplik və iynə hansının daha vacib olduğu barəsində mübahisə etdilər. İplik dedi:
- Mən daha vacibəm, çünki iplərim parçaları bir-birinə bağlayır və nəticədə güclü və gözəl geyimlər ərsəyə gəlir.
Ona cavab olaraq iynə də danışdı:
-Xeyr, mən hələ də daha vacibəm, çünki iti və nazik olduğum üçün ustalıqla parça üzərində tikiş əmələ gətirirəm. Həm də fərqli formalı tikişlərin necə ediləcəyini də bilirəm.
İplik cavab verdi:
- İncə olsan nə olacaq!? Heç bir şey iplərimin yumşaqlığına və ipəkliyinə qalib gələ bilməz! Bundan əlavə, qırmızı, sarı, mavi, yaşıl rəngli müxtəlif rəngli saplarım var.
Hirsli şəkildə ipliyə baxaraq iynə bütün gücü ilə ipliyin ortasını sancdı. Ağrıdan bükülərək saplarını masanın üstünə səpələyən iplik bir az geri çəkildi. Qorxudan saplarını çıxardı, özünü iynənin üstünə atdı və rəqibinin boynunu möhkəm sarımağa başladı.
Yaxınlıqda yerləşən əşyalar qorxudan gizlənmişdilər. Boşqablar, stəkanlar əsirdilər; dərzinin təbaşiri parça qırışlarında gizlənmişdi; qayçı iti dişlərini bir-birinə çırpırdı; tikiş maşını isə yerindəcə donub qalmışdı.
Gün boyu, iplik və iynə mübahisə etdilər və dəyərlərini sübut etməyə çalışdılar. Heç biri, bir-birinə təslim olmaq istəmirdi. Beləliklə axşamadək mübahisə etdilər.
Ev sahibi otağa daxil olaraq iynə və ipliyə sarı gəldi. İynəni götürdü, ipliyin sapını diqqətlə iynənin içərisindən keçirdi və bir tikiş etdi.
- Dalaşmayın, ikiniz də vacibsiniz, çünki bir-biriniz olmadan faydasızsınız. Bir yerdə parçanı möhkəm tutursunuz!
Nəticə:
Eynilə, iynə və iplik kimi dostlar da, hansının daha vacib olduğunu sübut etmədən bir-birlərinə güvənməli və bir-birinə möhkəm bağlanmalıdırlar.
03.12.2020