Şeirlər

Məmməd İsmayıl. Vətən seçilməz

Dostu bu dünyada seçib taparlar, 
Dost - düşmən seçilər, Vətən seçilməz. 
Qayanı yonarlar, dağı çaparlar, 
Dağ-qaya kiçilər, Vətən kiçilməz. 


Keçər taleyindən, ömründən keçər, 
Qovuşmaz karvana, yovuşmaz köçə. 
Köçsə, qürbət eldə qəlbinə köçər, 
Ağır elli - günlü Vətən köçülməz. 


Ürəyin Vətənin önündə zərrə, 
Andını dəyişməz qızılla, zərlə. 
Vətənin yolunda candan keçərlər, 
Keçilməz qaladır, Vətən keçilməz. 


Göyləri  uludur, Günəşi uca 
Yerləri gözünü, könlünü açar, 
Ağacı böyüyüb kökündən qaçar- 
Ha qaçar, kökündən ayrıla bilməz. 
Dost-düşmən seçilər, Vətən seçilməz. 


Dağ-qaya kiçilər, Vətən kiçilməz. 
Keçilməz qaladır, Vətən keçilməz!!!