Bu maraqlıdır!

Dirijabl – uçan aparat

Müharibədən bəhs edən bəzi filmlərdə səmada süzən, uzunsov konstruksiyası ilə reqbi topuna oxşayan nəhəng hava şarlarını görmək olar. Bu, dirijabldır. Dirijablın havada necə hərəkət etdiyini bilmək üçün ilk növbədə onun haqqında bəzi məlumatlara nəzər salmaq lazımdır.
 
Dirijabl insan əli ilə idarə olunan uçan cihazdır. Ona diqqətlə baxsaq görərik ki, dirijabl hava şarı ilə təyyarənin bir sıra xüsusiyyətlərini daşıyır. Onun da hava şarı kimi qazla doldurulmuş özəyi var. Mühərrikə malik olması isə dirijablı təyyarəyə daha çox oxşadır. Lakin təyyarədən fərqli olaraq, dirijablın səmaya qalxması və havada qalması üçün mühərrikinin gücü lazım gəlmir. Çünki onun özəyi vakuumla və ya havadan yüngül olan qazlarla – helium, yaxud hidrogenlə doldurulur.
 
Yəqin ki, dirijablın havada necə süzdüyünü artıq başa düşdünüz. Elədir, qazla dolu özəyi və mühərriki sayəsində. Dirijablın əcdadı olan hava şarı bütün göstəricilərə görə ondan geri qalır. Hətta müasir təyyarə və helikopter də bəzi xüsusiyyətlərinə görə ona uduzur! Düzdü, dirijablın sürəti çox aşağıdır. Əlverişsiz hava şəraiti, xüsusən də külək onun uçuşuna əngəl törədə bilər. Bununla belə, dirijabl çox qənaətcildir. Onun üçün nəhəng aeroportlar tikməyə, bahalı uçuş zolaqları salmağa ehtiyac qalmır. Üstəlik o, təyyarəyə nisbətən daha çox yük qaldıra bilir.
 
Yəqin soruşmaq istəyirsiniz: bəs nəyə görə belə sərfəli uçan aparat hazırda tamamilə unudulub? Bu da səbəbsiz deyil. Dirijabl dövrü dünyanın ən böyük və gözəl uçan aparatı olan “Gindenburq”un dəhşətli qəzasından sonra sona yetib. “Gindenburq” Manhetten (Nyu-Yorkun bir hissəsi) üzərindən keçdikdən sonra qəflətən alovlanıb. Qorxunc yanğında 36 nəfər həlak olub, “Gindenburq” isə yanaraq külə dönüb. Qəzanın qorxunc şəkillərinin bir çox qəzetlərdə yayılması dirijabla münasibətin dəyişilməsi ilə nəticələnib. Buna baxmayaraq ondan tam imtina olunmayıb. Hazırda da bir sıra sahələrdə dirijabldan geniş istifadə olunur.