Görkəmli şəxsiyyətlər

Çar İvan Qroznı oğlunu öldürüb?

“İvan Qroznı oğlunu öldürür”. Siz yəqin ki bu gözəl rəsm əsərini görmüsüz? Dahi rus rəssamı İlya Yefimoviç Repin gənc şahzadənin atası tərəfindən öldürülməsini əks etdirən dramatik səhnəni kətan üzərinə köçürüb. Bəs rəssamın çəkdiyi rəsm əsəri tarixi həqiqətə nə dərəcədə uyğundur?
 
Qroznı (Qəzəbli) ləqəbi ilə tanınan Rusiya çarı 1530-cu ildə anadan olub. Onun doğulduğu gecə köhnə Moskva ildırım və leysanla müşayiət olunan qasırğaya məruz qalır. Qasırğa zamanı şəhərdə olan bir çox taxta evlər yanaraq külə dönür və bu, şəhərin tarixinə ən dəhşətli yanğınlardan biri kimi düşür.
 
İvan valideynlərini çox tez itirir və səkkiz yaşında yetimliyin acı meyvəsini dadmağa başlayır. Onu əhatə edən zadəganların biganəliyini hiss edən İvan bu alçaldıcı hərəkətləri heç vaxt unutmur. Bunun nəticəsi olaraq sonradan nifrət etdiyi yaramaz insanlara amansızlıqla divan tutan çar zadəganlardan da uşaqlıqda çəkdiyi iztirabların qisasını alır. Artıq gənc yaşlarından İvanın xarakterinə qəddarlıq və inamsızlıq hakim kəsilir.
 
O dövrün salnamələrində çarın günahkar bildiyi insanları edam və işgəncələrə məruz qoyduğu barədə çoxlu yazılara rast gəlmək olar. Bütün həyatı boyu xəyanət və sui-qəsdlərdən qorxan İvan heç kəsə rəhm etmirdi. Nəhayət, şübhələr çarın ailə üzvlərinin də üzərinə yönəlir. Çar öz oğlunu – hakimiyyətin varisini xəyanətdə suçlayır və qəzəb anında əsası ilə onun başına zərbə endirir. Əsa şahzadənin gicgahına dəyir. O, qan içində yerə yıxılır. Özünə gələn çar əməlinə peşman olur və oğlunun üzərinə əyilərək hönkür-hönkür ağlayır. Sonrakı peşmançılıq fayda vermir və şahzadə aldığı zərbədən vəfat edir. İlya Repin də “İvan Qroznı oğlunu öldürür” əsərində məhz bu səhnəni kətan üzərinə həkk edir.
 
Həmin dövrdən təxminən beş yüz il keçsə də, tarixçilər bu hadisənin doğruluğuna daha çox şübhə etməyə başlayıblar. Çünki bu vaxtadək şahzadənin öldürülməsinə dair heç bir əsaslı sübut tapılmayıb. Əksinə bir çox dəlilər onu deməyə əsas verir ki, şahzadənin səhhətində ölümə yol açan çox ciddi problemlər olub.
 
Bəs qətllə bağlı fərziyyə haradan yaranıb? Bunun özü də, alimlərin tədqiqatına ehtiyac duyan bir müəmma olaraq qalır.