Bu maraqlıdır!

Buz dövründə heyvanların başına nə gəlib?

 
Yer kürəsi buz dövrü deyilən bir dövr yaşayıb. O zamanlar qalın buz təbəqəsi Şimali Amerikanın çox hissəsini, Avropanı və Qərbi Sibiri bürümüşdü. Alimlərin fikrincə uzun bir müddət ərzində baş verən bu proses təxminən 1 000 000 il bundan əvvəl başlayıb və Yerin müxtəlif ərazilərində müxtəlif dövrlərdə məsələn, Şimali Avropada və Rusiyada bir neçə min il bundan qabaq başa çatıb. Bəzi bölgələrdə isə buz dövrü hələ də davam etməkdədir. Hazırda Qrenlandiya əvvəlki kimi demək olar tamamilə buzların əhatəsindədir.
 
“Buzlu səhra” milyonlarla kvadratkilometr əraziyə yayılmışdı. Avropada onun sərhədləri müasir İngiltərənin, Almaniyanın, Rumıniyanın, Rusiyanın cənubundan keçirdi. Nəhəng buzların axını ilə bir çox heyvanlar cənuba üz tutmağa məcbur oldu. Soyuq iqlimə uyğunlaşa bilməyən heyvanlar ya isti yerlərə gedir, ya da məhv olurdular. Hazırda sərt sınağa çəkilmiş bu ərazilərdə yaşayan vəhşi heyvanlar buz dövründən qabaqkı zəngin heyvanat aləminin cüzi qalıqlarıdır.
 
Heyvanlardan fərqli olaraq insanlar dəyişən iqlimə uyğunlaşmağı bacardılar. Sərt iqlim onları vəziyyətdən çıxış yolları axtarıb tapmağa, ağıl işlətməyə vadar etdi. Bu da onların zehni inkişafını gücləndirdi.
 
Bitkilər də heyvanlar kimi yaxınlaşan şaxtalardan qaçaraq cənuba köç etməyə məcbur oldular. Buzlaqlar əriyəndən sonra onların bəziləri geri qayıtsa da, əksəriyyəti sadəcə olaraq yer üzündən tamamilə silindi.