İnsanlar hər zaman uçmaq arzusunda olublar. Bəşəriyyət tarixində özünə qanadlar taxaraq yüksək binalardan və ya qayalardan atlanan bir çox insanlar məlumdur. Lakin çox zaman quşlara bənzəmək həvəsi belə cəsur adamlara həyatları bahasına başa gəlirdi. Bu vəziyyət insanların əzələlərinin gücünün uçmaq üçün kifayət etmədiyini anlayanadək davam etdi. Beləliklə, insanlar uçan aparatların ixtirası və düzəldilməsi ilə məşğul olmağa başladılar.
İxtiraçılar əvvəlcə quşların qanadları kimi hərəkət edən modellər düzəldirdilər. Sonradan daha praktik və effektli olan sabit qanadlı aparatlar yaradıldı. Uçan aparatlarda əzələ qüvvəsini əvəz edən mühərrik meydana gəldi.

İndi isə təyyarənin quruluşu ilə tanış olaq. Onun əsas hissəsi füzelyaj adlanan korpusdan ibarətdir. Korpusun hər iki tərəfində qanadlar yerləşir. Qanadlardan əlavə təyyarəyə şassi adlanan təkərlər də qoyulur. Təyyarə yerə məhz füzelyajın altında yerləşən təkərlərin vasitəsi ilə enir və onların üzərində dayanır.
Hava gəmisinin quyruğu da çox maraqlıdır. Təyyarə dönərkən, yaxud aşağı və ya yuxarı hərəkət edərkən quyruq hissəsindəki sükanlardan istifadə olunur.

Təbii ki, təyyarənin hərəkətverici qüvvəsi mühərriklərdir. Mühərrik bəzi modellərdə korpusun ön hissəsində, nəhəng laynerlərdə isə qanadların altında yerləşir. Yanacaq çənləri isə mühərriklərin yaxınlığında yerləşdirilir.
Qədim təyyarələrin pilot kabinəsində yalnız şturval və uçuşa nəzarət edən bir neçə sadə cihaz vardı. Hazırda isə təyyarədə çoxlu sayda müxtəlif cihazlar quraşdırılır. Bu cihazların dilini yalnız yüksək təhsil görmüş və yaxşı təlim keçmiş mütəxəssislər bilir.
Alimlər və konstruktorlar daha mükəmməl modellərin hazırlanması üzərində çalışırlar. Təyyarələr getdikcə təkmilləşir və modernləşdirilir.
04.08.2014