M. S. Plyaçkovskiy. Ən maraqlı söz
Hər dəfə axşam düşəndə kenquru balası Avoskanın anası ah çəkirdi. Niyə ah çəkirdi? Çünki oğlunu yenidən yatağa qoyub beşiyini yırğalamalı, yırğalamalı, yenə də yırğalamalıydı...
Kenquru balası yellənməyə alışmışdı, əks təqdirdə, yuxuya getməzdi. Ana beşikdən uzaqlaşan kimi Avoska dərhal elə bir səs-küy çıxarırdı ki, ana kenquru məcbur qalaraq yenidən dayanmadan, lap əldən düşənə kimi onu yırğalamalı idi.
Ana buna bir çarə tapmaq məqsədilə həkim kirpi Kristoferi evinə dəvət etdi. Həkim nə olduğunu öyrəndi və başını yelləyərək dedi:
- Bu vəziyyətə heç bir iynə kömək etməyəcək. Belə bir xəstəliyi yalnız bir şey sağalda bilər ...
- İksir? - Ana soruşdu.
- Yox.
- Losyon?
- Yox.
- Kompress?
Nə danışırsız! Xəstənizi nə iksirlər, nə losyonlar, nə də ki, kompreslər xilas edə bilməz. Ancaq üzülməyin. Bu cür xəstələri çox görmüşəm. Nəticədə hamısı sağalıb.
- Həkim, dərhal ecazkar reseptinizi yazın, tez aptekə gedib alım!
- Aptekə getmək lazım deyil. Körpənizin əziyyət çəkdiyi xəstəlik üçün bir vasitə var - "Ən Maraqlı Söz" ...
Ən çox nə? Ən maraqlı nə? Hansı söz?- ana kenquru həyəcan içində bir neçə dəfə soruşdu. Həkim heç nə demədi və resept yazmağa başladı.
-"Burada hər şey göstərilmişdir" o, dedi.
Həkim gedəndən sonra ana kenquru eynəyini taxdı, reseptə baxdı və bircə kəlmə oxudu: - "Bir dəfə" ...
Axşam həmişəki kimi ana balasını yatağına qoydu, amma bu dəfə beşiyi yırğalamadı. Yalnız balaca Avoska mızıldamağa başlamışdı ki, anası Ən Maraqlı Sözü - Bir dəfə ... söylədi.
Kenquru dərhal sakitləşib soruşdu:
- Bir dəfə nə oldu? Ana, de görüm, xahiş edirəm!
Beləcə ana kenquru nağıl danışmağa başladı:
Bir dəfə bir qurbağa dondurma istədi ...
Nağıl bitən kimi kenquru balası rahat yuxuya getdi. Yuxuda isə on porsiyon eskimo-dondurması yeyən kiçik bir yaşıl qurbağa gördü...
Növbəti axşam Avoska özü paltarını soyundurdu, yatağına girdi və səbirsizliklə anasının nəhayət dünyadakı bütün nağılların başladığı Ən Maraqlı Sözü söyləməsini gözləməyə başladı.
16.07.2020