Bu maraqlıdır!

İlin fəsilləri

Təsəvvür edin ki sehrbaza rast gəlmisiz. O sizə söz verir elə eləsin ki, çöldə həmişə yay olsun. Siz yəqin əvvəlcə çox sevinərdiz: axı artıq yay tətilləri sona yetməyəcək! Bundan sonra bütün il ərzində velosiped sürüb, çayda çimib, günəş altında qaralmaq mümkün olacaq.
 
Sonra isə siz mütləq yaz yağışı damcılarının cingiltili səsini, qışda qar topu oyununu və dadlı payız meyvələrini xatırlayacaqsınız. Xatırlayacaq və sehrbazın bu təklifini rədd edəcəksiniz.
 
Yer üzü elə yaradılıb ki, qışdan sonra yaz, sonra yay, onun ardinca isə payız gəlir. Gələn hər bir fəsil də bizə nə isə maraqlı və xoş bir yenilik gətirir. Yazda qış yuxusuna getmiş təbiət oyanır. Ərimiş qarın suyu ilə qidalanan bulaqlar qaynayır, quşlar şən səslə öz nəğmələrini oxuyur, günəşin ilk şəfəqlərinin qızdırdığı təpəciklərdə isə yazın ilk çiçəkləri görünməyə başlayır. Yay öz istisi, rəngarəng çiçəkləri və dadlı giləmeyvələri ilə gəlir. Payızda təbiət al-əlvan rəngə bürünür və gözəlliyi ilə bizi valeh edir. Qış isə bizi yumşaq qarlı, çox sevimli Yeni il bayramı ilə sevindirir. Bunun nəyə görə baş verdiyini bilmək yəqin hamımız üçün maraqlı olar? Axı nə üçün ilin fəsilləri bir-birini əvəz edir?
 
Günəş – Yeri qızdıran və işıqlandıran çox qaynar və parlaq ulduzdur. Bizim planet Kosmik fəzada Günəş ətrafında öz orbiti boyu dövr edir. Yerin orbiti isə yumru deyil, uzunsovdur. Məhz buna görə də yaşadığımız planet gah Günəşə yaxınlaşır, gah da ondan uzaqlaşır. Yer eyni zamanda bir qütbdən digərinə doğru uzanan öz xəyali oxu ətrafında da fırlanır. Bunun nəticəsində planetimizdə gündüz və gecə bir-birini əvəz edir. Yerin oxu bir az maili olduğundan Günəş onun səthini haradasa güclü, haradasa zəif qızdırır. Bu səbəbdən planetimizdə qış da olur, yay da, yaz da olur, payız da.
 
İlin fəsilləri hər yerdə nəzərə çarpacaq dərəcədə hiss edilmir. Yerin elə guşələri var ki, orda həmişə isti, ya da əksinə, həmişə soyuq olur. Məsələn, cənub qütbündə Antarktidada buz və qar heç vaxt ərimir. Şimal qütbündə də onun kimi. Ancaq isti Afrikada insanlar qarın nə olduğunu bilmirlər. Haradasa aramsız leysan yağışlar yağır, səhralara isə yağıntı demək olar ki düşmür.
 
Yer - çox maraqlı planetdir. Siz bir az böyüdükdən sonra onun haqda çox şey biləcəksiniz. Bəlkə də oxuduğunuz kitablarla kifayətlənməyib səyyah olmaq fikrinə düşdünüz və hər şeyi öz gözlərinizlə görmək üçün müxtəlif ölkələri səyahət etməyi qərara aldınız.