Lələkli Drakula: Qartal tutuquşu
Yeni Qvineyanın dağ və tropik meşələrində qartala bənzəyən, lakin lələklərinin qara və qırmızı çalarlarına görə “Lələkli Drakula” adlanan Qartal tutuquşuları yaşayır.
Tutuquşunun bədəninin çox hissəsi qara-qəhvəyi, ancaq qanad örtükləri, döş hissəsinin lələkləri parlaq qırmızı rəngdədir. Dimdiyi qara rəngdə olub, uzun, bir az əyri formadadır. Başının yanlarında lələkləri yoxdur.
Bu tutuquşu əsasən rütubətli dağ tropik və subtropik meşələrdə, dağların ətəklərində, bəzən dəniz səviyyəsindən 1000-2300 m yüksəklikdə düz və təpəli dağlıqlarda yaşayır.
Qartal tutuquşunun bədəninin uzunluğu 50 sm-ə çatır, çəkisi 690-800 q arasında dəyişir. Erkək quşlar dişilərə nisbətən daha böyükdür və gözlərinin arxasında əlavə qırmızı lələklər var.
Qartal tutuquşuları ümumiyyətlə 20 fərddən ibarət cüt və ya kiçik qruplarla yaşayırlar. Yavaş uçurlar.
Qida rasionunu əsasən : tropik meyvələr (papaya və avokado), giləmeyvə və müxtəlif toxumlar təşkil edir.
Qartal tutuquşu, əksər tutuquşular kimi, daim cüt yaşayır. Çiftləşmə mövsümü yağışlı mövsümdə başlayır. Yuvalarını ağacların boşluqlarında qururlar. Dişi quş yuvaya iki yumurta qoyur və onları 27-30 gün ərzində inkubasiya edir, bu zaman erkək tutuquşu onları bəsləyir. Bala quş tüksüz və kor dünyaya gəlir.
Qartal tutuquşu "həssas növ" kateqoriyasına daxil edilib, çünki yoxolma təhlükəsi altındadır. Səbəbləri isə müxtəlifdir: satış və qida məqsədi və Papua yerli xalqının ritual geyimləri üçün parlaq qırmızı lələklərdən istifadəsi və s. Ornitoloqlar hazırda növlərin təqribən 21 min cüt olduğunu düşünürlər.
Lələkli Drakula tutuquşu ilk olaraq Avropaya 1831-ci ildə gətirilib. Tez əhilləşən quş olmasına baxmayaraq, zoopark şəraitində çoxalmır.
Uzun ömürlüdür, 40 il yaşaya bilir.
29.04.2020