Şeirlər

Tofiq Mütəllibov. "Anam işdən gələcək"

Bəzəmişəm otağı,

Hər yan gözəl, tərtəmiz

Stol üstə salınıb

Yaraşıqlı süfrəmiz.

Ağ güldanın içinə

Çiçək düzüm rəngbərəng,

Anam işdən gələcək.

 

 

Anam yorulmuş indi,

İşləyibdir səhərdən.

Qoy dincini alsın o,

Böyük qızam axı mən.

Hazır görcək süfrəni

Sevinəcək, güləcək

Anam işdən gələcək.

 

Yollar işıqlı olsun,

Günəş, hələ batma sən!

Yorulsan da mənimtək,

Bir az gözlə, yatma sən.

Sən də, ey qəşəng saat,

Bir azca tələs görək,

Anam işdən gələcək!