Nağıllar, hekayələr

Çahargah əfsanəsi

Qədim zamanlarda bir alim yaşayırdı. O öz gözəl əməlləri ilə xalqın rəğbətini qazanmışdı.


Alimin sorağı yaşadığı ölkənin hökmdarına da çatır. O, saraya cəlb etmək məqsədilə alimi çağırtdırır və öz yanında qalmağı ona təklif edir.


Alim qərara gəlmək üçün möhlət istəyir, hökmdar alimə üç gün möhlət verir.


Vaxt yetişəndə alim saraya gəlir və hökmdara deyir:


— Böyük hökmdar, sizin saray üçün dərin, dərrakəli alim lazımdır. Mən isə onların səviyyəsində dayana bilmirəm.


Bu sözləri deyib alim qayıdır. Öz xeyirxah işləri ilə yenidən xalqa kömək etmək istəyir.


Alimin cavabı, dikbaşlığı, açıq sözü hökmdarı hirsləndirir. Şah səxavətinin, firavan saray həyatının qiymətləndirilməməsini nankorluq hesab edir.


Hökmdar vəziri yanına çağırıb ondan alimin hərəkətlərinə tədbirlə cavab verilməsini tələb edir.


Vəzir deyir:


— Alimin əvvəlcə cahilliyini sübut edib xalqın gözündən salmaq lazımdır.


Vəzirin niyyəti çətin suallarla alimi çıxılmaz vəziyyətə salıb xalqın gözündə kiçiltmək idi. Sualları hazırlamaq üçün vəzir qırx gün möhlət istəyir. Qırx gün keçdikdən sonra suallar hazır olur.


Hökmdar adamları meydana toplayır. Alimi çağırırlar. Hər şey hazır olur. Alim təmkinlə hökmdarı dinləyir.


Hökmdar alimə deyir:


— Sən öz əllaməliyinlə xalqı aldadırsan, sən heç də alim deyilsən. Sənə vəzirim suallar hazırlayıb. Sən bu suallara cavab versən alimliyini sübut etmiş olacaqsan.


Alim cürətlə deyir:


— Buyurun, suallarınızı verin.


Hökmdar vəzirinə işarə edir. Vəzir suallara başlayır:


— Ulu dağın başından buraxılmış bir qoz Zümzümə bulağına qədər neçə dəfə fırlanar?


Alim gülə-gülə deyir:


— Mən sualın cavabını verməyə hazıram. Siz isə Ulu dağdan Zümzümə bulağına qədər olan yolun nə qədər olduğunu, dağın nə qədər maili olmasını, bir də qozun həcmini deyin.


Camaat alimin cavabını alqışlayır. Hökmdar və vəziri alimlə bacarmayacaqlarını görüb məyus olurlar. Artıq sual vermək fikrindən vaz keçirlər, biabır olmaq istəmirlər.


Alim evə yollanır. Ancaq onu evə getməyə qoymurlar. Başqa ölkəyə gedən karvana qoşurlar. Onlar yaxşı bilirlər ki, hökmdar bu heyfi alimdən çıxacaq.


Karvandakı hər dəvənin boynunda bir zınqırov vardı. Alim karvan başçısına bildirir ki, əgər təklifini yerinə yetirsə, onlarla səfərə çıxmağa hazırdır.


Karvan başçısı təklifini soruşur. Alim xahiş edir ki, dəvələrin boynundakı zınqırovların yerini dəyişməyə icazə versin.


Karvan başçısı alimin təklifinə can-başla razı olduğunu bildirir, ancaq səbəbini öyrənmək istəyir.


— Mən zınqırovların səsindən ecazkar musiqi yaradacağam. Bu bizi ölümdən qurtaracaq.


Bəli, alim zınqırovları dəvələrin boynundan elə asır ki, dəvə hər addım atanda sanki mizrab bir neçə telə dəyir. Zınqırovlar səsləndikcə onlardan yaranan musiqi dalğa-dalğa ətrafa yayılır. Hamı alimin bu məharətinə heyran qalır.


Gecə öz yuvalarına çəkilən quşlar musiqinin səsindən vəcdə gəlib karvanın üstü ilə uçurlar. Musiqinin səsindən, onun dalğasından ağacların yarpaqları rəqsə edir, axşamdan bükülən güllər yenidən ləçəklənib ətir saçır.


Sizə kimdən xəbər verim, hökmdardan. Saraya çatan kimi alimin onun hüzuruna gətirilməsini tələb edir. Alimi nə qədər axtarırlarsa da, tapa bilmirlər.


Hökmdar bir bölük atlını karvanın dalınca göndərir. Atlılar karvana yetişəndə gözəl musiqi səsi eşidirlər və bihuş olurlar. Dəvələrin yerişi ilə zınqırovlardan çıxan musiqi sədaları alimi aparmağa gələn atlıları karvana yaxınlaşmağa qoymur, əsir aparmağa gələnlərin özləri alimin yaratdığına əsir düşürlər. Birdən atlılar elə bil yuxudan oyanıb görürlər ki, artıq başqa ölkənin ərazisindədirlər. Alimin geri qaytarılmasının artıq müşkül bir iş olduğunu görən dəstə əliboş geri qayıdır.